1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Bu münasibətlə noyabrın 30-da Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında tədbir keçirilib. Filialın müəllim və tələbələrinin iştirak etdiyi tədbirin təşkil edilməsində məqsəd İnsanın immunçatışmazlığı virusu (İİV) haqqında əhatəli məlumat vermək, sağlam və təhlükəsiz həyat tərzinin təbliğ edilməsi olub.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şimal-Qərb Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov, baş məsləhətçi Şahin Tağıyev, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şəki Regional Laboratoriyasının müdiri Kəmalə Abdullayeva iştirak ediblər. P.Məmmədov və K.Abdullayeva çıxış edərək, ölkəmizin 2013-cü ildən iştirak etdiyi ümumavropa təşəbbüsü olan “Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edib, bu xəstəliyin ölkədə yayılmasının qarşısının alınması məqsədilə əhalinin maarifləndirilməsinin vacibliyini vurğulayıb və tədbir iştirakçılarına İİV barədə geniş məlumat veriblər.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbir başa çatdıqdan sonra testlə iştirakçıların könüllü müayinəsi həyata keçirilib.