- Details
- Dərc edilib: 12 Mart 2026
- Oxunma sayı: 26
Martın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Səki filialında “Şəhərsalma və memarlıq ili” və Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illik yubileyi münasibətilə maarifləndirici tədbir keçirilib. Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə filialın rəhbərliyi, “Kiş” Tarix-Memarlıq Qoruğunun əməkdaşları, tələbələr içtirak ediblər. Tədbiri giriş sözü ilə açan elmi işlər üzrə direktor müavini dos. Nuralı Çələbiyev 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və memarlıq ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamından irəli gələn vəzifələrin icrası, eləcə də Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illik yubileyi münasibətilə keçirilən tədbirin məqsədi haqqında ətraflı məlumat verib.
Sonra “Kiş Tarix-Memarlıq Qoruğu”nun direktoru Vasif Paşayev Azərbaycanın çoxəsrlik və zəngin memarlıq ənənələri, Memar Əcəminin yaradıcılıq fəaliyyəti, tariximizin ən dəyərli, dünya əhəmiyyətli memarlıq abidələrindən biri olan Kiş Alban Məbədinin tarixi və s. kimi istiqamətlərdə geniş məruzə edib. Sonra qoruğun elmi işçisi Arzu İbrahimova Memar Əcəminin 900 illiyi, yaradıcılığı, bələdçi Gülnaz Rəsulova Kiş Alban Məbədinin tarixi və fəaliyyəti haqqında təqdimatla çıxış ediblər. Tədbirdə Kiş Alban Məbədinə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonda Karyera mərkəzinin müdiri Xuraman Həmidova “Kiş Tarix-Memarlıq Qoruğu”nun əməkdaşları tərəfindən filialda maarifləndirici tədbirin keçirilməsini müsbət hal kimi qiymətləndirib və əməkdaşlara dərin təşəkkürünü bildirib.
