Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Elmi Şuranın növbəti iclası keçirilib.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov Elmi Şura üzvlərini və filial əməkdaşlarını salamladıqdan sonra 2022-2023-cü tədris ilinin birinci yarısının yekunları, qazanılan uğurlar barədə danışıb, qarşıda daha məsuliyyətli bir mərhələnin durduğunu və kollektivin işlərin öhdəsindən əzmkarlıqla gələcəklərinə əmin olduğunu vurğulayıb.
Elmi Şurada gündəlikdə duran üç məsələ müzakirə edilib. İclasın gündəliyində duran birinci məsələ - 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr haqqında filialın tədris işləri üzrə direktor müavini, fil.ü.f.d., dosent Gülarə Abdullayeva geniş məlumat verib. Payız semestrinin imtahan sessiyasına filialın fakültə dekanlıqları və kafedralarında aparılan ciddi hazırlıq işlərinin nəticəsi olaraq sessiyanın uğurla başa çatdığını vurğulayan dos.Gülarə Abdullayeva ayrı-ayrı fakültələr, ixtisaslar və tədris illəri üzrə nəticələr haqqında iştirakçıları məlumatlandırıb, əvvəlki tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri ilə müqayisəli təhlillər aparıb, mövcud çatışmazlıqların aradan qaldırılması və tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması yollarının müəyyənləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.
Elmi Şurada filialın Filologiya və Pedaqoji fakültələrinin dekanlıqlarının 2022-2023-cü tədris ilinin birinci yarısı üzrə hesabatları, eləcə də baş mühasib Elnarə Lətifovanın hesabatı dinlənilib və müvafiq qərar qəbul edilib.
Sonda cari məsələlər müzakirə olunub, filialın ayrı-ayrı kafedralarının əməkdaşlarının tərtib etdikləri fənn proqramları müzakirəyə çıxarılaraq müzakirə və təsdiq üçün ADPU-nun Tədris-Metodik Şurasına göndərilməsi barədə qərar qəbul edilib.