- Details
- Dərc edilib: 08 Oktyabr 2025
- Oxunma sayı: 533
Oktyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Təhsil Tələbə Krediti Fondunun (TTKF) əməkdaşı ilə tələbələrin görüşü keçirilib. Maarifləndirmə xarakteri daşıyan görüşdə filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova, TTKF-nin Təhsil müəssisələri ilə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova, ADPU-nun Şəki filialında TTKF üzrə məsul şəxşlər – Pedaqoji fakültənin dekan müavini, baş müəllim Mehriban Kərimova, Filologiya fakültəsi dekanlığının əməkdaşı Nigar Qaffarlı və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova açaraq, gənclərin təhsilə əlçatanlığını təmin etmək üçün dövlətin həyata keçirdiyi tədbirlərdən danışıb. Qeyd edilib ki, son illər ölkəmizdə həyata keçirilən bir sıra layihələr insan kapitalının formalaşmasına yönəlməklə yanaşı, gənclərin hərtərəfli inkişafı, uğurlu təhsili və təhsildə rəqabət mühitinin formalaşmasını hədəfləyir. TTKF-nin yaradılması gənclərin təhsili prosesində yaranan sosial problemlərin aradan qaldırılmasına münbit şərait yaradır. Sonra TTKF-nin nümayəndəsi baş mütəxəssis Günay Xəlilova fondun yaradılmasının məqsədi haqqında ətraflı məlumat verib və tələbələrə yaradılan bu imkandan istifadə qaydalarını əhatəli şəkildə izah edib. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.