- Details
- Dərc edilib: 06 Aprel 2026
- Oxunma sayı: 24
Aprelin 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Keyfiyyət komissiyasının növbəti iclası baş tutub. İclasda filialın inkişaf perspektivləri və tədris prosesində keyfiyyət təminatı ilə bağlı mühüm məsələlər müzakirə olunub.Gündəlikdə duran əsas məsələlər filialda yeni ixtisasların açılması istiqamətində fəaliyyət göstərən işçi qrupunun yenidən fəaliyyətə başlaması, eləcə də 2025–2026-cı tədris ilinin yaz semestrində Tədrisin idarə olunması və Keyfiyyətin təminatı şöbələri tərəfindən keçirilmiş monitorinqlərin nəticələri olub.Komissiyanın sədri dos.Gülarə Abdullayeva çıxışında yeni ixtisasların açılması prosesində əmək bazarının tələblərinin və maraqlı tərəflərin rəylərinin nəzərə alınmasının vacibliyini vurğulayıb. O bildirib ki, regionda hansı sahələr üzrə kadrlara ehtiyac duyulduğunu müəyyənləşdirmək məqsədilə sorğuların keçirilməsi zəruridir. Eyni zamanda işəgötürənlərin gələcək mütəxəssislərdə görmək istədiyi bacarıqlar araşdırılmalı, yeni ixtisaslar üzrə hazırlanacaq təhsil proqramlarında yumşaq və sərt bacarıqların formalaşdırılması əsas prioritetlərdən biri olmalıdır.Tədrisin idarə olunması şöbəsinin müdiri b.m.Yeganə Rəhimova monitorinq nəticələri barədə məlumat verərək bildirib ki, kafedralarda sillabusların, tədris proqramlarının və mühazirə materiallarının mövcudluğu, həmçinin sənədlərin vahid strukturda hazırlanması ilə bağlı əvvəlki çatışmazlıqlar aradan qaldırılıb. Bu baxımdan monitorinqin nəticələri qənaətbəxş qiymətləndirilib.Keyfiyyətin təminatı şöbəsinin müdiri b.m.Nərminə Nəsrullayeva isə qeyd edib ki, monitorinq prosesi ərzində aşkar olunan çatışmazlıqlarla bağlı kafedralara mütəmadi məlumat verilib, zəruri düzəlişlər aparılıb və sonrakı mərhələdə təkrar monitorinq həyata keçirilib.İclasda həmçinin filialda təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi və əmək bazarının tələblərinə cavab verən yeni ixtisasların formalaşdırılması istiqamətində görüləcək növbəti tədbirlər müəyyənləşdirilib.
