25 sentyabr 2024-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) Şəki filialında 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq növbəti elmi konfrans keçirilib.
Konfransda filialın rəhbərliyi, professor-müəllim heyətinin əməkdaşları və tələbələr iştirak ediblər.
“Su Ehtiyatlarımız Təbii Sərvətimiz və Həyat Mənbəyidir” adlı konfransı giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev qeyd edib ki, planetimizin qlobal problemləri sırasında təbiətlə insan və cəmiyyət arasında çoxsahəli qarşılıqlı münasibətlər sistemində mövcud ekoloji problemlər öz miqyasına və böhran həddinə görə qlobal xarakter kəsb etməkdədir. Bu problemlər Yer planetində hava, su və quru ərazilərində sürətlə yayılmaqla, olduqca təhlükəli həddə çatmışdır. BMT və dünya ölkələri problemin çözülməsi yollarını axtarır, vaxtaşırı beynəlxalq miqyaslı tədbirlər keçirir, işgüzar müzakirələr aparır, qəraralar qəbul edirlər. BMT-nin İqlim Dəyişikliyi Konfransları buna bariz nümunədir. 11-22 noyabr 2024-cü il tarixdə Bakıda keçirilməsi planlaşdırılan və hazırlıq işləri yüksək səviyyədə başa çatdırılmış “COP-29” adlı konfrans növbəti qlobal tədbir olacaqdır.
Natiq qeyd edib ki, zəmanımizin qlobal problemləri sırasında su ehtiyatlarının tükənmək təhlükəsi, onların mənbələrinin çirkləndirilməsi qlobal problem olaraq qalır.
Konfransda coğrafiya üzrə fəlsəfə doktoru, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Qafqaz Ağabalayev “Azərbaycanın mineral su ehtiyatlarının fiziki-coğrafi arealı”, həmin kafedranın müəllimi Murad Qəhrəmanov “Su ehtiyatlarından səmərəli istifadə qlobal problem kimi”, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının V tədris ili tələbəsi Nigar Məmmədli “Ölkəmizin müalicə əhəmiyyətli mineral suları” mövzularında təqdimatlarla çıxışlar ediblər.
Konfransda respublikamızda istehsal olunan 10-a yaxın sulardan nümunələr nümayiş etdirilib.