- Details
- Dərc edilib: 23 Oktyabr 2026
- Oxunma sayı: 27
Oktyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı və Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Şimal-Qərbi Azərbaycanda tarixi-memarlıq abidələri və şəhərsalmanın təbii-coğrafi və ekoloji aspektləri” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Azərbaycanın suverenliyi, müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub. ADPU-nun Şəki filialının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Vurğun Məmmədov giriş nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamlayıb, konfransın keçirilməsinin məqsəd və əhəmiyyətindən bəhs edib. Daha sonra AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov çıxış edərək, konfransın elmi əhəmiyyəti ilə bağlı fikirlərini bildirib. Konfransda Şəki-Zaqatala bölgəsinin tarixi-mədəni irsi, memarlıq abidələrinin qorunması, şəhərsalmanın təbii-coğrafi xüsusiyyətləri, ekoloji problemlər və ərazilərin davamlı inkişaf perspektivləri ilə bağlı məruzələr dinlənilib.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Landşaftşünaslıq şöbəsinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəyli “Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda şəhərsalmanın lokal landşaft xüsusiyyətləri”, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev “Heydər Əliyev: Tarixin memarı”, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Bitkilərin biomüxtəlifliyi və genofondu şöbəsinin elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Mübariz Paşayev “Şəkinin tarixi qoruq ərazisinin ekosisteminin müasir vəziyyəti”, həmin mərkəzin Tarix və epiqrafika şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ələddin Sultanov “Balakən-Zaqatala bölgəsindəki tarixi məscidlər”, Arxeologiya və etnoqrafiya şöbəsinin rəhbəri Elşən Abdurahmanov “Şəki rayonunun Baş Küngüt kəndi ərazisində aparılmış arxeoloji tədqiqatların nəticələri”, ADPU-nun Şəki filialının əməkdaşları: Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Səadət Feyzullayeva “Şəhər ekosisteminin akustik çirklənməsi və onun insan sağlamlığına təsiri”, Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmov “Müasir şəhərsalma siyasətində tarix və mədəniyyət abidələrinin qorunmasının hüquqi təminatı məsələləri”, həmin kafedranın baş müəllimi Elnarə Cabbarova “Böyük qayıdışın şəhərsalma nümunəsi”, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji biofizika şöbəsinin elmi işçisi Vəfa Məmmədli “Tarixi şəhərlərin ekoloji-biofiziki təsirlərdən qorunmasında “Qoru - Uyğunlaşdır -– Yaxşılaşdır - İzlə” modelinin dünya təcrübəsi və Şəki şəhərində tətbiq imkanları”, Ekologiya-coğrafiya şöbəsinin baş laborantı Elvin Qarayev “Qax rayonunun təbii rekreasiya ehtiyatları və ekoturizm potensialı haqqında” mövzusunda məruzə ilə çıxış edibər.
Konfrans çərçivəsində bölgənin tarixi-memarlıq irsinin qorunması, ekoloji tarazlığın təmin edilməsi, şəhər mühitinin sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə məsələləri elmi baxımdan təhlil olunub.
Konfransda qonaq kimi iştirak edən Əməkdar jurnalist Akif Salam çıxış edərək, təşkilatçılara təşəkkürünü bildirib və konfransın Şimal-Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi baxımından əhəmiyyətindən söz açıb.
Konfrans məruzələr ətrafında müzakirələrlə davam edib və ekoloji problemlərin araşdırılması, şəhərsalmanın müasir çağırışları ətrafında elmi fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli olub.
