- Details
- Dərc edilib: 10 Dekabr 2025
- Oxunma sayı: 159
Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “AMEA-nın 80 illik yubiley tədbirində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə filialın rəhbərliyi, struktur bölmə rəhbərləri, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dos.Vurğun Məmmədov qeyd edib ki, AMEA-da noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib və dərin məzmunlu nitq söyləyib. Prezident qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası ötən 80 il ərzində böyük inkişaf yolu keçib və Azərbaycan elminin inkişafında aparıcı rol oynayıb. Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan alimlərinə yüksək qiymət verib, akademiyanın yeni strukturlarının yaradılmasına, elmin inkişafına xüsusi qayğı göstərib. Direktor dos.Vurğun Məmmədov qeyd edib ki, ölkə prezidentinin rəhbərliyi dövründə elmin inkişafına diqqət davamlı xarakter alıb. 2009-cu ildə “Elm Fondu” yaradılıb, “Elmin inkişafı üzrə Milli Strategiya” və “Elm haqqında Qanun” qəbul edilib, elm sektoruna ayrılan vəsait xeyli artırılıb.
Natiq ölkə prezidentinin müasir elmi-texniki və texnoloji inkişaf dövründə alimlərin qarşısında duran başlıca vəzifələri və fəaliyyət istiqamətlərini geniş şəkildə təhlil etdiyini, Azərbaycan dilinin, tarixinin inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd etdiyini, yeni, post-müharibə dövründə alimlər qarşısında duran başlıca vəzifələrdən geniş söhbət açdığını vurğulayıb.
Dəyirmi masada filialın elmi işlər üzrə direktor müavini dos.Nuralı Çələbiyevin “Müasir dünyada elm: texniki və texnoloji tərəqqinin inkişaf tendensiyaları”, tədris işləri üzrə direktor müavini dos.Gülarə Abdullayevanın “Azərbaycan dilinin saflığının qorunması milli vəzifədir”, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, professor Firədin İbrahimovun “Azərbaycan alimlərinin dünya elminə töhfələri”, Humanitar fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənovun “Azərbaycan tarixinin tədqiqi və təbliğində yeni mərhələ”, həmin kafedranın baş müəllimi Həbibulla Manaflının “Qərbi Azərbaycana qayıdış: tarixi saxtakarlıqlardan müasirlik çağırışlarına doğru” mövzularında çıxışları dinlənilib və müzakirələr aparılıb.
Dəyirmi masa filial direktorunun yekun nitqi ilə başa çatıb.













