- Details
- Dərc edilib: 17 Mart 2026
- Oxunma sayı: 47
Martın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Novruz bayramına həsr olunmuş bayram tədbiri keçirilib. Filialın Karyera mərkəzinin və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Vurğun Məmmədov açaraq kollektiv üzvlərini Novruz və Ramazan bayramları münasibətilə təbrik edib. O, çıxışında Novruz bayramının xalqımızın milli-mənəvi dəyərləri sistemində mühüm yer tutduğunu, bolluq, bərəkət, yenilənmə və birlik rəmzi olduğunu vurğulayıb. Bildirilib ki, minilliklərə söykənən bu bayram qədim Şərq sivilizasiyasından gələn zəngin ənənələri özündə yaşadır və Azərbaycan xalqı tərəfindən əsrlər boyu qorunaraq bu günə qədər gətirilib.
Sonra filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib və Novruzun cəmiyyətimizdə birlik, həmrəylik və mənəvi dəyərlərin təbliğinə xidmət etdiyini qeyd edib.
Bayram tədbiri tələbələrin hazırladıqları musiqili-bədii proqramla davam edib. Tələbələrin ifasında səsləndirilən mahnılar, milli rəqslər, maraqlı səhnəciklər və oyunlar tədbirə xüsusi rəng qatıb. Bahar qızının səhnəyə gəlişi isə şənliyin ən yaddaqalan anlarından biri olub.
Sonda filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva çıxış edərək tədbir iştirakçılarını Novruz və Ramazan bayramları münasibətilə təbrik edib, bayram şənliyinin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.













