- Details
- Dərc edilib: 19 Mart 2026
- Oxunma sayı: 944
Hörmətli professor-müəllim heyəti, dəyərli əməkdaşlar, əziz tələbələr!
Sizi müqəddəs Ramazan bayramı və xalqımızın qədim tarixini, zəngin milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və həyatınızda yeni uğurlar arzulayıram.
Ramazan bayramı islam dünyasında xüsusi mənəvi məna və əhəmiyyətə malik olan müqəddəs bayramlardan biridir. Bu bayram mərhəmət, xeyirxahlıq, bağışlama, yardımlaşma və mənəvi saflaşma kimi ali dəyərləri özündə ehtiva edir. Ramazan ayı insanları səbirli olmağa, ehtiyacı olanlara yardım göstərməyə, mənəvi kamilliyə və daxili saflığa doğru yönəldir. Bu müqəddəs günlər cəmiyyətimizdə humanizm, qarşılıqlı hörmət və həmrəylik kimi yüksək mənəvi keyfiyyətlərin daha da möhkəmlənməsinə xidmət edir.
Novruz bayramı isə Azərbaycan xalqının ən qədim və ən sevilən bayramlarından biri olmaqla baharın gəlişini, təbiətin yenilənməsini, həyatın təzələnməsini və ümidlərin dirçəlişini simvolizə edir. Minilliklər boyu xalqımız tərəfindən böyük sevgi ilə qeyd olunan bu bayram milli kimliyimizin, zəngin adət-ənənələrimizin və mədəni irsimizin mühüm tərkib hissəsidir. Novruz insanlar arasında dostluq, birlik, mehribanlıq və həmrəylik münasibətlərinin möhkəmlənməsinə xidmət edir, ailələrə sevinc və bərəkət gətirir.
Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə, xalqımızın qədim ənənələrinə və dini bayramlara göstərdiyi yüksək diqqət və qayğı xüsusi qeyd olunmalıdır. Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasını və inkişaf etdirilməsini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən etmişdir. Məhz onun rəhbərliyi dövründə xalqımızın ənənəvi bayramlarına dövlət səviyyəsində böyük önəm verilməyə başlanmış, milli və dini dəyərlərimizin qorunması və təbliği istiqamətində mühüm addımlar atılmışdır.
Bu siyasət bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin və bayramlarımızın qorunmasına və inkişafına daim xüsusi diqqət göstərir. Onun rəhbərliyi ilə Novruz bayramı hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur, xalqımızın qədim ənənələri dövlət səviyyəsində yaşadılır və gələcək nəsillərə ötürülür. Eyni zamanda, islam dünyasının müqəddəs bayramlarından olan Ramazan bayramının ölkəmizdə yüksək ehtiramla qeyd olunması dövlətimizin mənəvi dəyərlərə verdiyi önəmin bariz nümunəsidir.
Əminik ki, Ramazan bayramının mənəvi saflığı və Novruz bayramının yenilənmə ruhu hər birimizin həyatına sevinc, bərəkət və uğur gətirəcək, kollektivinimizin fəaliyyətinə yeni enerji və ilham verəcəkdir.
Bir daha sizi müqəddəs Ramazan və Novruz bayramları münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, əmin-amanlıq və elmi-pedaqoji fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.
Bayramlarınız mübarək olsun!













