- Details
- Dərc edilib: 31 Mart 2026
- Oxunma sayı: 280
Martın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 1918-ci ilin mart soyqırımının 108-ci ildönümünə həsr olunmuş “Mart soyqırımı ümummilli faciədir” mövzusunda anım tədbiri keçirilib. Tədbirdə filialın professor-müəllim heyəti, əməkdaşları və tələbələr iştirak ediblər. Anım tədbirində mart soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə filialın elmi işlər üzrə direktor müavini, dos. Nuralı Çələbiyev açaraq bildirib ki, 1918-ci ilin mart soyqırımı faciəsi Azərbaycanın ən yeni tarixinin qanlı səhifələrindən biridir. 30 mart - 3 aprel tarixləri arasında Bakı Soveti və daşnak-erməni birləşmələri Azərbaycanın bir sıra ərazilərində, o cümlədən Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və bir çox digər bölgələrində qanlı cinayətlər törədib, xüsusi amansızlıqla çoxsaylı soydaşımızı qətlə yetiriblər.
Natiq qeyd edib ki, 1918-ci ili mart hadisələrinin Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunması ilə əlaqədar Ümummilli Lider Heydər Əliyev 26 mart 1998-ci ildə Sərəncam imzalayıb. Həmin tarixdən etibarən hər il bu tarixi faciə Soyqırım Günü kimi qeyd olunur.
Anım günü tədbirində filialın Humanitar fənlər kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, baş müəllim İbrahim Abdulsəlimli “1918-ci ilin mart soyqırımı ümummilli faciə kimi”, həmin kafedranın baş müəllimi Mirvari Eminova “Mart soyqırımı tarixin yaddaşında” mövzularında çıxış ediblər.
Anim tədbirinin sonunda 1918-ci ilin mart soyqırımı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.













