- Details
- Dərc edilib: 19 Noyabr 2026
- Oxunma sayı: 629
Noyabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Pedaqoji fakültəsinin tələbələri üçün maarifləndirici ekskursiya təşkil olunub.
Tələbələrin asudə vaxtlarının səmərəli təşkili, tarixi-mədəni irsimizə marağının artırılması, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi məqsədi daşıyan ekskursiyada “Riyaziyyat və informatika müəllimliyi”, “Tarix müəllimliyi” və “İbtidai sinif müəllimliyi” ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər. Pedaqoji fakültənin dekan müavini, baş müəllim Mehriban Kərimova və ixtisaslar üzrə tütorların təşəbbüsü ilə reallaşan ekskursiya tələbələrin istəyi əsasında təşkil olunub.
Ekskursiya çərçivəsində tələbələr Şəkinin zəngin tarixi-mədəni irsinin mühüm nümunələrindən olan Şəki Xan sarayı, “ABAD” mərkəzi, Sənətkarlar Muzeyi və Xan məscidini ziyarət ediblər.
Ziyarət zamanı iştirakçılara Şəki xanlığının tarixi, xanlıq dövrünün ictimai-siyasi həyatı, əhalinin məişəti, adət-ənənələri və mədəni xüsusiyyətləri haqqında ətraflı məlumat verilib. Xüsusilə Şəki Xan sarayının möhtəşəm memarlıq quruluşu, nəfis divar rəsmləri və rəngarəng şəbəkə nümunələri tələbələrin marağına səbəb olub.
Sənətkarlar Muzeyi və “ABAD” mərkəzində tələbələr xalqımızın zəngin sənətkarlıq ənənələri, milli dekorativ-tətbiqi sənət nümunələri və əl işləri ilə tanış olublar. Xan məscidinin ziyarəti isə onların Şəkinin dini-mədəni irsi və tarixi memarlıq abidələri haqqında biliklərini daha da genişləndirib.
Səmimi və xoş əhval-ruhiyyə şəraitində keçən ekskursiya tələbələrin yaddaşında maraqlı və yaddaqalan bir gün kimi qalıb. İştirakçılar belə tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayaraq tarixi məkanlarla tanışlığın onlar üçün həm maraqlı, həm də faydalı olduğunu bildiriblər.













