- Details
- Dərc edilib: 19 Noyabr 2026
- Oxunma sayı: 195
Noyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında İİV/QİÇS infeksiyasından qorunma yollarına həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şəki Regional Laboratoriyasının müdiri Kəmalə Abdullayeva, filialın rəhbərliyi, müəllimlər və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd tələbələrin İİV/QİÇS infeksiyası haqqında məlumatlılığını artıtmaq, sağlam həyat tərzini təşviq etmək və infeksiyadan qorunma yolları barədə düzgün biliklər formalaşdırmaq olub. Tədbiri giriş sözü ilə açan, filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova İİV/QİÇS infeksiyasının yaratdığı təhlükələr, xəstəlikdən qorunmanın əhəmiyyəti və bu istiqamətdə maarifləndirmə işlərinin vacibliyi barədə fikirlərini bölüşüb. O, sağlam həyat tərzinin təbliğinin, düzgün məlumatlandırmanın və profilaktik tədbirlərin həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Daha sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şəki Regional Laboratoriyasının müdiri Kəmalə Abdullayeva geniş təqdimatla çıxış edib. O İİV və QİÇS anlayışları, infeksiyanın yoluxma yolları, müayinə imkanları və müalicə vasitələri haqqında ətraflı məlumat verib. Bildirilib ki, vaxtında müayinə, erkən diaqnostika və düzgün müalicə infeksiyanın nəzarətdə saxlanılmasında mühüm rol oynayır. Çıxış zamanı tələbələri maraqlandıran suallar cavablandırıb, İİV/QİÇS-lə bağlı yanlış təsəvvürlərin aradan qaldırılması və gənclərin məlumatlılığının artırılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirin sonunda bir qrup tələbə könüllü olaraq ekspress İİV/QİÇS testindən keçərək, analiz verib. Həmçinin iştirakçılara maarifləndirici bukletlər paylanıb.













