2019-cu ilin dekabr ayından etibarən Çin Xalq Respublikasında meydana çıxan “COVİD-19” virusu bu günə kimi dünyanın 190-dan çox ölkəsində yayılmış və sürətlə yayılmaqdadır. Məhz yayılma sürətini nəzərə alan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) cari ilin 11 mart tarixli qərarı ilə bu virus pandemiya elan edilmişdir. Çox təssüfdoğurucu haldır ki, ölkəmizdə də bu virusa yoluxma halları artır və 3 nəfər həmvətənimiz həyatını itirmişdir. Hökumətimiz tərəfindən ölkəmizdə epidemioloji vəziyyəti nəzarətdə saxlamaq istiqamətində vacib addımlar atılır, ardıcıl və olduqca ciddi qərarlar qəbul edilir. Həmin qərarlara ciddi şəkildə riyaət etməklə yanaşı, hər birimiz cəmiyyətdə təbliğati işin təşkilində fəal olmalı, səmərəli maarifləndirici fəaliyyətin qurulmasına səy göstərməliyik. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə küçəyə çıxmaq yasağının tətbiq dairəsinə düşən qoca və ahıl həmvətənlərimizə bacardığımız səviyyədə yardım göstərməli, onların yaşamlarının asanlaşdırması istiqamətində səylərimizi əsirgəməməliyik. İnanırıq ki, gözlənilən təhlükələrə qarşı birgə mübarizənin təşkilinə nail olacaq, ümumxalq həmrəyliyimiz sayəsində bütün çətinliklərin öhdəsindən gələcəyik və bu prosesdən minimal itkilərlə çıxmağa müvəffəq olacağıq.
Bildiyimiz kimi, respublikamızda pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində cari ilin mart ayının 2-dən etibarən bütün təhsil müəssisələrində dərslər dayandırılmışdır. Buna görə də təhsil proqramlarının mənimsədilməsini, həmçinin pedaqoji kollektivlə tələbələrimizin ünsiyyətini təmin etmək məqsədilə filialımızda İKT-nin müasir imkanlarından istifadə edərək bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə layihələrdən biri də video-mühazirələrin hazırlanaraq təqdim edilməsidir ki, artıq bu prosesə başlamışıq və video-mühazirələr ardıcıl olaraq, saytımızda, həmçinin www.youtube.com saytında yerləşdiriləcəkdir. Düşünürük ki, video-mühazirələr, həmçinin İKT-nin tətbiqi ilə həyata keçirilən digər distant tədris formaları ilə həm də müəllim - tələbə ünsiyyətinin daha da möhkəmlənməsinə nail ola biləcəyik ki, bu hər birimizə böyük mənəvi dəstək olmaqla, mənəvi-psixoloji tarazlığın qorunub saxlanılmasına da töhfə verəcəkdir.
Hamınıza can sağlığı və uğur arzulayırıq.





001002003
fondeduadpubir

VKkj