https://disk.yandex.com/i/tVTzclRFhkSShw       

           HEYDƏR ƏLİYEVİN İDEYA-NƏZƏRİ İRSİNDƏ AZƏRBAYCANÇILIQ  VƏTƏN  TƏƏSSÜBKEŞLİYİ  VƏ  MİLLİ  BİRLİYİN  İDEOLOJİ  ƏSASI KİMİ                                      

           Nuralı Çələbiyev -ADPU-nun Şəki filialının elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan xalqı bəşər sivilizasiyasına mühüm töhfələr vermiş dünyanın ən qədim xalqlarından biridir. Xalqımızın 3 min illik dövlətçilik tarixi və bu tarix ərzində formalaşmış milli dövlətçilik ənənələrinin dərin kökləri vardır. Yarandığı b.e.ə. IX əsrdən indiyədək tarixi Azərbaycan torpaqlarında 40-a qədər müxtəlif dövlətlər mövcud olmuşdur. Tarixən Azərbaycanda baş vermiş milli istiqlal mücadiləsinin ideoloji yekunu olan azərbaycançılıq ideyası suveren və demokratik dövlət quruculuğu amalını strateji hədəf seçən xalqımızın milli məfkurəsi, imperiyaçılığa qarşı mübarizədə formalaşmış ideoloji baxışların vahid sistemidir. Milli birlik və həmrəylik, istiqlalçılıq, türkçülük, islamçılıq və vətən təəssübkeşliyi isə azərbaycançılığın əsas siyasi-ideoloji istiqamətləridir. Hər şeydə olduğu kimi, mədəniyyətin də əsas nüvəsini ideologiya təşkil edir. Məsələn, Azərbaycançılıq ideologiyası. Hansı ki, türkçülük və islamçılıq ideologiyasından törəyir və bu bir növ mədəniyyətimizin mənliyini ehtiva edir.
Öz şəxsiyyətinin təkrarsız keyfiyyətləri, vətəndaş-şəxsiyyət mövqeyi, nəsillərə müsbət tərbiyə nümunəsi olmaq etibarı ilə H.Əliyev Azərbaycan xalqının öz varlığı tarixində yetişdirib ərsəyə gətirdiyi ən nadir düha, fenomen şəxsiyyət, xarizmatik lider idi. O, həmişə xalqla bərabər, xalqın içində olmaqla onun problemlərini, qayğılarını yaxşı bilir, ağır, fəlakətli günlərdə sinəsini qabağa verməyi, xalqı səfərbər etməyi bacarır, əsil vətəndaş – şəxsiyyət – lider mövqeyində dururdu. Ötən əsrin sonlarında -müstəqilliyimizin çətin və nahamar yollarında xalqa bələdçi olan H.Əliyev özündən sonra siyasi, iqtisadi, sosial, mədəni və fəlsəfi-pedaqoji fikrin elmi-nəzəri və təcrübi əsaslarını təşkil edən zəngin ideya irsi qoyub getmişdir. Milli dövlətçiliyimizin ideoloji, iqtisadi, sosial və mənəvi əsaslarının yaradılması Heydər Əliyev dühasının və zəkasının məhsulu, onun təntənəsidir. Böyük öndər azərbaycançılıq ideologiyası ilə xalqı özünə qaytarmış, milli ruhu və vətəndaşlıq qürurunu dirçəltmiş, qürbət ellərdə vətən həsrəti ilə “Azərbaycan, mənim bəxtsiz anam, oy!” – deyərək can verən Almas Yıldırımların, son nəfəsdə “Can Azərbaycan” – deyərək gözlərini əbədi yuman M.Ə.Rəsulzadələrin, “Yoxdur millətimin imzası imzalar içində” – deyən M.Hadilərin narahat ruhlarına əbədi bir sakitlik bəxş etmişdir. Ulu öndərin sayəsində torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi Azərbaycan möhürü özümüzə qaytarıldı. Bununla Vətənçilik, xalqımızın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam-türk birliyi bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı.
Xalqların taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlər, ilk növbədə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə yönəlmiş milli ideyaları ilə tarixdə əbədiyaşarlıq hüququ qazanırlar. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideyalar dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilməklə yanaşı, həm də tarixi şəxsiyyətlərə xalqı öz ətrafında birləşdirmək, milli ideyalar uğrunda səfərbər etmək imkanı verir. Hər bir millətin tarixi inkişafı, qoyduğu hədəflərə yetişmək əzmi, ilk növbədə onun malik olduğu milli-mənəvi potensialdan, dəyərlər sistemindən qaynaqlanır. Zəngin milli-əxlaqi keyfiyyətlərini, milli “Mən”ini, heysiyyatını qorumağı bacaran xalq gələcəkyaşam fəlsəfəsini düzgün müəyyənləşdirir, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edir.
Heydər Əliyevin həmişəyaşar ideyalarında zəmanənin sosial, iqtisadi, siyasi, mənəvi və s. problemləri tam dolğunluğu ilə öz əksini tapmış, onların tədqiqinə çoxsaylı kitab və məqalələr həsr olunmuşdur və əminik ki, bu istiqamətdə elmi axtarışlar hələ uzun illər də davam edəcəkdir. Tarixi faktlar sübut edir ki, şəxsiyyətcə bütöv, milli və mütərəqqi olmayan liderlərin cəmiyyətin konsolidasiyası prosesinə nüfuz və təsir imkanlarından danışmaq mümkün deyildir. Öz xalqının rifahı naminə siyasi müstəqillik, mənəvi və mədəni tərəqqi, xalqın həyat şəraitinin praktik müdafiəsi və yaxşılaşdırılması, xalqın birliyinin təmin edilməsi, ərazi bütövlüyünün, iqtisadi resusların və mənəvi dəyərlərin müdafiə edilməsi milli mənlik şüurunun strukturunu yaradan əsas amillərdir. Ümummilli Lider Heyder Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürmüşdür. Heydər Əliyev ibrətamiz bir sintez nümunəsi yaratdı: ənənəvi dövlətçiliklə yeni ideologiyanın, Qərb siyasi təfəkkürü ilə Şərq mentalitetinin, təcrübə və novatorluğun sintesini. Söhbət yeni bir tarixi mərhələdə, yeni dəyərlər müstəvisində kökü qədimlərə dayanan misilsiz bir dövlət nümunəsi qurmaqdan gedir.
1990-cı illərin əvvəllərində - müstəqil dövlət quruculuğu uğrunda azadlıq mücadiləsi dövründə Heydər Əliyev xalqımızın yüksək milli ruha, milli özünüdərkə və milli mənlik şüuruna sahib olmasının vacibliyi məsələlərinə həssaslıqla yanaşmış, milli ruhun dirçəldilməsi, dövlətçilik şüurunun formalaşmasında əvəzsiz rol oynamış, əsl vətəndaş – Milli Lider nümunəsi göstərmiş, 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarkən 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəyliyi və milli birliyi günü” kimi qeyd edilməsi haqqında qərar qəbul etmişdir. Ulu öndər deyirdi: “Azərbaycan öz müstəqilliyini əldə etmiş müstəqil dövlətdir. Müstəqillik və azadlıq yolu asan və hamar olmamış, çox əzab -əziyyətli olmuşdur... İtkilərimizlə bərabər əldə etdiyimiz dövlət müstəqilliyi, suverenliyi, milli azadlıq bizi sevindirir, hamımızda qürur hissi yaradır və bu bayramı böyük nikbinliklə qeyd etməyə imkan verir”
Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə - 1997-ci ildə “Dünya azərbaycanlılarının konqresi” təsis edilmiş, 2002-ci ildə Milli Məclis tərəfindən “Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında” Qanun qəbul edilmiş, “Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi”yaradılmış, 9-10 noyabr 2002-ci il tarixdə isə Bakıda “Dünya Azərbaycanlılarının I Qurultayı” keçirilmişdir. 29 dekabr 2002-ci ildə Heydər Əliyev dünya azərbaycanlılarına ünvanladığı təbrikində deyirdi: “Müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının əsas və güclü düyağıdır. Bu həmrəyliyin qayəsini təşkil edən azərbaycançılıq və Azərbaycan dövlətçiliyi ideyaları məhz müstəqil dövlətimizin yaranması ilə inkişaf etmiş, şüurlarda özünə möhkəm yer tutmuş, soydaşlarımızı birləşdirən milli məfkurəyə çevrilmişdir”.
H.Əliyevin idarəçilik fəlsəfəsinə görə, azərbaycançılıq və ziyalılıq milli ruhu qorumağın, inkişaf etdirməyin və gələcək nəsillərə ötürməyin ən mükəmməl forması, milli dövlətçiliyin əsasıdır. Milli dövlətçilik təkcə ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin, həmrəyliyin qorunmasından ibarətdir.
Zəmanəmizin böyük siyasi və dövlət xadimi və mütəfəkkiri Heydər Əliyevin irəli sürdüyü və inkişaf etdiridiyi azərbaycanşılıq ideologiyası milli müstəqillik dövründə yaranmış ideoloji boşluğu nəinki bərpa etmiş, həm də milli dövlətçiliyin etibarlı təməli olmaqla dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm təminat yaratmışdır. Heydər Əliyevin millətlərarası həmrəylik konsepsiyasına əsaslanan bu ideologiya Azərbaycan dövlətçiliyin strateji proqramı və ideoloji əsasıdır. Ümummilli Lider Heydər Əliyev dövlətçiliyi və ərazi bütövlüyünü qoruyub saxlamaq, cəmiyyətin bütövləşməsi naminə azərbaycançılığı milli həmrəyliyin aparıcı amilinə çevirmiş və mükəmməl bir ideoloji konsepsiya səviyyəsində onun fəlsəfi və siyasi əsaslarını işləyib hazırlamışdır. Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geopolitik ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb, yox olmaq təhlükəsindən qurtardı.
Azərbaycançılıq millətçilik və şovinizmdən fərqli olaraq Vətən qayəli sivil, demokratik, humanist və tolerant ideologiyadır. Bu ideologiya çoxmillətli ölkə olan Azərbaycanda etnik birgəyaşayışa xüsusi önəm verir, milli azlıqların hüquq və azadlıqlarının qorunmasına hüquqi təminat yaradır. Ulu öndərin siyasi uzaqgörənliklə formalaşdırdığı bu mütərəqqi ideologiya milli təəssübkeşliklə vətənpərvərliyin sintezidir. O, hər hansı millətin azlıqda olan digər etnoslar üzərində hakim roluna deyil, bərabərhüquqlu birgəyaşayışa və güclü dövlətçilik amalına önəm verir.
Bu gün azərbaycançılıq ideologiyası müstəqil Azərbaycanda dayanıqlı cəmiyyət və dövlətin formalaşması prosesinin ayrılmaz elementinə çevrilmişdir. Bu ideologiya cəmiyyətin və dövlətin inkişafı, siyasi sabitliyi və milli maraqlarına təminat yaradan güclü ideologiyadır. Müstəqil Azərbaycanın indiki geosiyasi vəziyyəti və erməni təcavüzü ölkəmizdə azərbaycançılıq ideologiyasına əsaslanan milli razılıq konsepsiyasının gerçəkləşdirilməsi zərurətini irəli sürür. H.Əliyevin uzaqgörənliyi ilə son illər irəliyə doğru atılan hər bir addım, qazanılan hər bir uğur dövlətçilik fəlsəfəsi və ideya irsi əsasında dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları daha da ruhlandırmış, onların müstəqil dövlətimizə inamını, milli hisslərini və gələcəyə ümidlərini artırmış, Azərbaycan Respublikasının milli maraqları ətrafında sıx birləşmələri üçün tarixi zəmin yaratmışdır.





001002003
fondeduadpubir

VKkj