Özünəməxsus əlamətdar günləri, ağrılı-acılı hadisələri ilə tarixə qovuşan 2020-ci ilin son aylarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı sözlə ifadə edə bilmədiyimiz sevinc hissi və qürurla Qarabağ zəfərini qeyd etdi. Bu böyük qələbəyə aparan keşməkeşli yol 30 il sürdü. 30 il torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində düşmən tapdağı altında qalması Azərbaycan xalqının ürəyində bir yara oldu. 30 il Qarabağ həsrətilə alışıb-yanan ürəklərin fəryadı, 30 il Qarabağa qayıdacağı ümidi ilə yaşayan gözü yaşlı insanların duaları, 30 il bu qələbənin gərçəkləşməsi uğrunda dövlət başçılarımızın apardıqları ədalətli siyasi mübarizə, diplomatik danışıqlar və gərgin ordu quruculuğu, nəhayət ki, bu gözəl Zəfər gününü gətirdi! Ümimmili lider Heydər Əliyev bu günün gələcəyini bilirdi və vaxtilə uzaqgörənliklə söylədikləri bu gün artıq Azərbaycanın reallığıdır.O deyirdi: “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa olsun”. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanı, Qarabağı işğaldan azad etdi. Bu həqiqətən də Azərbaycan tarixinə qızıl hərflərlərlə yazılan Böyük Zəfərdir!
H.Əliyevin Qarabağ uğrunda mübarizəsi hələ 1969-cu ildə başlamışdır. 1979-cu ildə “Ağdam–Xankəndi” dəmiryolu çəkildi və istifadəyə verildi. Nəticədə, Qarabağın dağlıq və aran hissələrinin, respublikanın digər rayonları ilə daha sıx təsərrüfat əlaqələri yaradıldı. 1973-cü ildə Xankəndidə Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında Pedaqoji İnstitut açıldı, amma bir şərtlə ki, burada erməni və rus fakültələri ilə bərabər azərbaycan fakültəsi də fəaliyyət göstərsin.Daha bir fakt ondan ibarətdir ki, 1977 ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunduqda Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə qatılması məsələsi məhz Heydər Əliyevin səyləri nəticəsində komissiyanın müzakirəsindən çıxarılmışdır. Ulu öndər Heydər Əliyevin 1990-cı illərdə Azərbaycanda hakimiyyətə qayıdışı ərəfəsində cəbhədə hərbi güc balansı artıq Ermənistanın xeyrinə idi, həmçinin informasiya mübarizəsində ermənilər üstün vəziyyəti ələ keçirmişdilər. Azərbaycanın paytaxtında hakimiyyət uğrunda şiddətli mübarizə gedirdi. Respublikanın şimalında və cənubunda separatçılar baş qaldıraraq Azərbaycanı parçalayıb “suveren Ləzgistan” və “muxtar Talış-Muğan Respublikası” yaratmağa çalışırdılar. Azərbaycan xalqının sadiq oğlu Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan dərhal sonra vəziyyəti düzgün qiymətləndirərək müharibənin davam etdirilməsinin uğurlu nəticələr verməyəcəyi qənaətinə gəlir və ilk addım olaraq atəşkəs əldə edərək mənasız axıdılan qanın qarşısını alır. Bundan sonra Dağlıq Qarabağ reallığıını dünyaya çatdırmaq, dünyanın aparıcı siyasi liderlərini danışıqlar prosesinə cəlb etmək, beynəlxalq ictimai rəydə dönüş yaratmaq və ilk mərhələdə informasiya müharibəsini qazanmaq uğrunda uzun və gərgin siyasi mübarizə yolu başlanır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə nizama salınması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən başlayaraq xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Dahi Öndər Heydər Əliyevin münaqişənin aradan qaldırılmasına nail olmaq üçün ən yüksək səviyyədə ATƏT-in Zirvə toplantılarında, Minsk Qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, beynəlxalq forumlarda, həmçinin dünyada siyasi gücə malik olan dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də, çoxtərəfli görüşlərdə bu münaqişənin mahiyyətinə, reallığına dünya birliyinin diqqətini cəlb etməyi bacarmışdı. Heydər Əliyev bütün görüşlərində və çıxışlarında, siyasi fəaliyyətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışırdı. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın düşdüyü ağır vəziyyət, yerlərindən-yuvalarında qovulan bir milyona yaxın insanın ağır şəraitdə çadırlarda yaşadıqları və öz evlərinə qayıtmaq arzusunda olduqları haqqında dünya ictimaiyyətinə ətraflı məlumat verən milli liderimiz özünün qətiyyətli və prinsipial mövqeyini hər bir görüşdə, hər bir çıxışında dünya ictimaiyyətinə tarixi faktlarla əsaslandıraraq çatdırırdı.
Danışıqlar prosesində Heydər Əliyevi ən çox düşündürən məsələ bu olmuşdur ki, Qərb dünyasının aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar dövlət saymır.
XX əsrin 90-cı illərində isə reallıq bundan ibarət idi ki, əslində Ermənistan-Azərbaycan müharibəsi gedirdi və Ermənistan Respublikası suveren Azərbaycan Respublikasının ərazisinə təcavüz etmişdi. Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şürasının dörd qətnaməsi qəbul edilmişdir. Hamısı Qarabağda gərgin hərbi əməliyyatların aparıldığı bir dövrdə - 30 aprel-12 noyabr 1993-cü il tarixlərində qəbul edilmişdi. Bu qətnamələrin dördündə də yazılıb ki, işğalçı ordu işğal olunmuş Azərbaycan torpaqlarından çıxmalıdır, lakin heç birində “Ermənistan” və ya “Ermənistan silahlı qüvvələri” sözləri yoxdur. Müdrik və uzaqgörən dövlət başçısı olan Heydər Əliyev münaqişənin başlıq mətninə xüsusi diqqət yetirir¬di. Məhz Heydər Əliyevin tövsiyyəsi ilə münaqişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlandırılmağa başlanmışdır, çünki əks halda qarşıdurmanın iki ölkə arasında deyil, Dağlıq Qarabağla Azərbaycan arasında baş verməsi təəsuratı yaranırdı.
1992-ci ildə ATƏT çərcivəsinda Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllində vasitəçilik edəcək 12 dövlətdən ibarət Minsk qrupu yaradıldı və Birləşmiş Millətlər Təşkilatı bu məsələni ATƏT-in himayəsinə verdi.
5-6 dekabr 1994-cü ildə keçirilən Budapeşt sammiti Heydər Əliyevin iştirakı ilə ilk sammit idi. Bu sammitdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olundu. Budapeşt sammitində “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamə qəbul edildi. Bu qərarda ATƏT-in sülhməramlı qüvvələrinin yaranması və saziş əldə olunarsa, Dağlıq Qarabağ bölgəsinə ATƏT-in sülhməramlı qüvvələrinin daxil olması nəzərdə tutulmuşdur. Beləliklə, ATƏT-in növbəti, Lissabonda keçiriləcək dövlət başçılarının dördüncü Zirvə görüşü ərəfəsində yeganə nailiyyət Azərbaycan və Ermənistan arasında 1994-cü ildə razılaşdırılan atəşkəsin qorunması oldu.
Qafqaz regionu, xüsusilə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunacağı ATƏT-in Lissabon sammiti 1996-cı il dekabrın 2-3-də 52 Avropa dövləti, ABŞ, Kanada və 10 Asiya-Afrika dövləti başçılarının müşahidəçi statusunda iştirakı ilə keçirilmişdir. Buna qədər vəziyyət tamamilə Ermənistanın xeyrinə idi. Lakin Lissabon sammitində Heydər Əliyev öz veto hüququndan istifadə edərək, adi silahların məhdudlaşdırılması ilə bağlı ATƏT-in bütün yekun sənədlərinə, həmçinin Avropada təhlükəsizlik konsepsiyasına aid olan sənədlərə veto qoydu. Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllinin əsas prinsipləri Lissabon sammitində məhşur veto qarşıdurmasında milli liderimiz Heydər Əliyevin qalib çıxmasının nəticəsində qəbul edilmişdir. Ermənistan sammitdə təklənmiş, təcrid olunmuş, pat vəziyyətində qalmışdır. Heydər Əliyevin mövqeyini 53 dünya dövləti dəstəkləyir. Bununla öz parlaq diplomatiya məharətini bütün dünyaya nümayiş edən böyük liderimiz Heydər Əliyev ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə bu prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında səsləndirilməsinə nail olur. Həmin prinsiplər aşağıdakılardı:
-Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması
- Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarə statusunun verilməsi
-Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi
Lissabon sammiti¬nin materiallarını nəzərdən keçirdikdə aydın olur ki, Azərbaycan xalqının lideri Heydər Əliyevin Azərbaycanın gələcəyi uğrunda bütün dünya dövlətləri qarşısında nümayiş etdirdiyi diplomatik istedad, cəsarət və müdriklik, əminəm ki, bu parlaq şəxsiyyətə hər bir insanda rəğbət və qürur hissi yaradır. Bəli, bir həqiqət danılmazdır - biz Qarabağ zəfərinə vaxtilə Ümummilli lider Heydər Əliyevin gərgin əməyi və siyasi mübarizəsi nəticəsində nail olmuşuq.
ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı, ABŞ və Fransa nümayəndələri də Minsk Qrupunun həmsədrləri təyin olun¬du. Beləliklə, Heydər Əliyev ərazilərində millətlərarası qarşıdurma yaranan heç bir dövlət başçısının bacarmadığını bacardı - danışıqlar prosesinə dünyanın aparıcı siyasi gücə malik olan dövlətlərin liderlərinin cəlb olunmasına nail oldu. Heydər Əliyevin siyasi mübarizəsi nəticəsində Lissabon sammitinin sənədlərində ilk dəfə yazıldı ki, Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü tanınsın, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilsin və Dağlıq Qarabağın əhalisinin - həm erməni, həm də azərbaycanlı əhalisinin təhlükəsizliyi təmin edilsin. Bu, öncə Ermənistanla Azərbaycan arasında gedən informasiya müharibəsində kəskin dönüş, daha sonra, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi reallığının dünya ictimaiyyəti tərəfindən yekdilliklə qəbul edilməsi kimi qiymətləndirilməlidir.
1997-ci ilin iyun ayından başlayaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri məhz Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət təkliflərlə çıxış etmişlər - Dağlıq Qarabağın ətrafında yerləşən 7 işğal olunmuş rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə dair. O zamanlar Azərbaycan Prezidenti olan Heydər Əliyev həmin planlarla tam razı olmasa da, sülh prosesinin ölü nöqtədən çıxarılması məqsədilə həmsədrlərin hər iki təklifini qəbul etmişdi. Ermənistan Prezidenti Levon Ter-Petrosyan isə ikinci təkliflə razılaşdı. Lakin Ermənistanda Levon Ter-Petrosyana qarşı müxalifət meydana çıxdı və o,1998-ci ilin fevral ayında istefa verdi. 1998-ci il noyabrın 9-da həmsədrlər həm beynəlxalq hüquq normalarına, həmçinin, Azərbaycanın dövlət maraqlarına zidd “ümumi dövlət” təklifini irəli sürdülər. Buna cavab olaraq ulu öndərimiz qətiyyətlə bu təklifi müzakirə etməkdən belə imtina edərək ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin tənqid etmişdir, çünki bu təklifin qəbul ediləcəyi təqdirdə Azərbaycanın ərazisində iki dövlətin yaranması və Azərbaycanın Dağlıq Qarabağa bütün hüquqlarının itirilməsi planlaşdırılmışdır. Bununla ümummilli liderimiz Heydər Əliyev bir daha yüksək siyasi iradəyə malik olan dahi dövlət xadimi olduğunu sübut etmiş və Azərbaycan Respublikasının dövlət mənafeyinə zidd heç bir planın baş tutmayacaqını böyük cəsarətlə bütün dünyaya bəyan etmişdir.
1999-cu il ərzində Amerika Birləşmiş Ştatlarının rəhbərliyi, prezident Klinton, dövlət katibi xanım Olbraytın xahişi ilə Heydər Əliyev bir neçə dəfə Robert Koçaryanla görüşüb danışıqlar aparmış, hətta bu danışıqlar prosesində mövqelərin xeyli yaxınlaşması da baş tutmuşdur, lakin həmin ildə Ermənistan parlamentində baş verən terror hadisəsindən sonra Ermənistan əldə edilmiş razılaşmalardan yenə də imtina etmişdir.
Beləliklə, Cənubi Qafqazda ən “uzunömürlü” münaqişə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında danışıqlar prosesinin Ermənistan tərəfindən dəfələrlə pozulması Qafqaz regionun, Avropanın və bütün dünyanın təhlükəsizliyinin təmin edilməsində başlıca maneə olmuşdur. “Ümumi dövlət” prinsipinin ortaya atılması, sözsüz ki, öz məqsədləri uğrundə hətta terrorçuluq əməllərindən belə çəkinməyən Ermənistan millətçi dairələrinin maraqlarına tam cavab verirdi və münaqişənin nizamasalma prosesinə maneçilik törətməklə yanaşı tərəflərin arasında olan ziddiyyətləri daha da dərinləşdirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı. Danışıqlar prosesinin uğursuzluğu nəticəsində yaranmış belə bir şəraitdə Heydər Əliyev dünya dövlətləri ilə sıx əməkdaşlıq və inteqrasiya proseslərinə qoşulmaq imkanlarından geniş istifadə edərək bütövlükdə Qafqaz regionun geosiyasi vəziyyətində ciddi dəyişiklik etmək uğrunda mübarizəyə başladı.
Dahi rəhbər Heydər Əliyevin dünya siyasətində ən mühüm uğurlarından biri də o olmuşdur ki, bütün maneələrə baxmayaraq, Cənubi Qafqazda qlobal iqtisadi layihələrin təməlini qoyub uğurla həyata keçirdərək böyük dövlətləri ermənipərəst mövqelərindən uzaqlaşdırıb regionda iqtisadi maraqlar müstəvisinə cəlb etməyi məharətlə bacarmışdır. Bunun bariz sübutu 20 sentyabr 1994-cü ildə Heydər Əliyevin müdrik dövlətçilik fəaliyyəti nəticəsinda bağlanan Əsrin kontraktının 2017-ci ildə daha 50 il müddətinə uzadılması, nəinki təkcə Azərbaycanın, həm də bütövlükdə Orta Asiyanın təbii sərvətlərinin daşınmasında mühüm nəqliyyat dəhlizi olan tarixi Böyük İpək Yolunun bərpası strategiyası, bir-birinin ardınca həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz layihələrinin təməlinin qoyulması ilə yaradılmış iqtisadi amilin Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllində getdikcə daha önəmli rol oynamağa başlamasıdır. Beləliklə, Azərbaycan xalqının ümummilli lideri özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq 2003-cü ilədək davam edən gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycan-Ermənistan Dağlıq Qarabağ probleminin tənzimlənməsi üçün beynəlxalq və milli hüquqi baza yaratdı, və ən əsası, Azərbaycana əbədi tarixi zəfər qazandıran ordumuzun quruculuğu ilə bağlı islahatlar unudul¬maz Heydər Əliyevin adı ilə bağlıdır. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunların qəbul edilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırılmış, ordunun maddi-texniki təminatı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salınmış, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldilmişdir.
Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri ona minnətdar olan xalqın tarixində və hafizəsində əbədiyyən yaşayacaq. Parlaq istedada, nəcib insani keyfiyyətlərə malik böyük siyasi və dövlət xadimi kimi Heydər Əliyevin əziz xatirəsi xalqımızın dilində canlı bir əfsanədir. 2003-cü ildə ulu öndərin bütün ömrü boyu fədakarlıqla xidmət etdiyi idarəçilik məktəbinin ideyalarını, yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasir inkişaf dövrü başlayır və bizim ölkəmiz artıq iqtisadiyyatın, təhsilin, mədəniyətin sürətlə inkişaf etdiyi bir ölkəyə çevrilir. Böyük öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.
Azərbaycan tarixində əbədi rəhbər kimi qalan Heydər Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi və doğma Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Bütün azərbaycan millətinin atası olan Heydər Əliyevin vəsiyyətini onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə igid Azərbaycan ordusu yerinə yetirdi – 44 günlük Qarabağ müharibəsində düşməni torpaqlarımızdan qovdu və üçrəngli bayrağımız yenə də doğma yurdumuzda, Qarabağın döyünən ürəyi - Şuşada qürurla dalğalandırıldı.
Ümummilli lider Heydər Əliyevin təyin edib həyata keçirtdiyi müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş İlham Əliyevin mərdi-mərdanə və böyük cəsarətlə məqsədyönlü addımlar ataraq qondarma Dağlıq Qarabağ probleminin ədalətli həllininə nail oldu -. Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı silah gücünə azad etdi. Beləliklə, Azərbaycan xalqının təbii və müqəddəs hüququ təmin edilərək, Qafqaz xalqları tarixində böyük dönüş nöqtəsi olan tarixi hadisə - Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və dövlət sərhədlərinin bərpa olunması baş verdi.
Dəmir yumruqla başı əzilən düşmən 10 noyabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş Naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı”nı - faktiki olaraq kapitulyasiya aktını imzalamağa məcbur edildi və ərazi bütövlüyümüz təmin edildi. Beləliklə, Ali Baş Komandana inanan və güvənən cəsur Azərbaycan əsgərləri canları bahasına 30 illik işğala son verdi.
44 günlük İkinci Qarabağ Müharibəsində Böyük Qələbə münasibətilə Bakıda 10 dekabr 2020-ci il tarixində keçirilən möhtəşəm Zəfər Paradı ümummilli lider Heydər Əliyev siyasi irsinin layiqli varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təntənəsi oldu.





001002003
fondeduadpubir

VKkj