- Details
- Dərc edilib: 18 Dekabr 2024
- Oxunma sayı: 1192
Dekabrın 17-də Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan alimi və mətbuat tarixçisi, professor Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev Azərbaycan mətbuat tarixinin yorulmaz tədqiqatçısı, professor Şirməmməd Hüseynovun həyat və elmi fəaliyyətinin mühüm məqamlarından bəhs edib, onun 70 ilə yaxın bir dövr ərzində Bakı Dövlət Universitetində səmərəli fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib, əsərləri və layiq görüldüyü mükafatlar haqqında danışıb. Dəyirmi masada çıxış edən ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimləri Rasimə Bəkirova, AYB-nin Şəki bölməsinin sədri Vaqif Aslan, Həbibulla Manaflı, “Şəki” qəzetinin baş redaktoru, Respublikanın Əməkdar Jurnalisti Akif Salam, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov, jurnalist, “Qızıl Qələm” media mükafatı laureatı Çingiz Nağıyev, Şəki şəhər Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov, Respublikanın Əməkdar Müəllimi Bəşarət Yusifov, ADPU-nun Şəki filialın əməkdaşı, professor Şirməmməd Hüseynovun yetirməsi, BDU-nun jurnalistika fakültəsinin 1986-cı il məzunu Gülnaz İsmayılova, bədii qiraət ustası Bəhiyyə Nağıyeva və Şirməmməd Hüseynovun yaxın qohumu Cavanşir Qədimov çıxış edərək böyük alimin elmi və publisistik yaradıcılığının ayrı-ayrı məqamlarından bəhs edib, onun haqqında xoş xatirələrindən danışıblar.
Konfransda yekun sözlə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdir müavini Sadiq Yusifov bugünki tədbirin elmi və mədəni ictimaiyyət üçün mühüm hadisələrdən biri olduğunu vurğulayıb, Şəkidə doğulub boya-başa çatmış görkəmli elm adamı Şirməmməd Hüseynovun həyat yolunun gənclər üçün örnək olduğunu bildirib.