https://azertag.az/xeber/2355407

Danılmaz bir həqiqətdir ki, tarixin bütün dönəmlərində türklər özlərinin qüdrəti, güçü, zəngin dövlətçilik ənənələri ilə seçilmiş, dünyanın ən böyük dəyərlərə malik sivilizasiyalarından birinin sahibi olmuşlar. Bu gün qloballaşan dünyada Türkün sarsılmaz gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirmək üçün onun birliyinin bərpa olunmacına ciddi ehtiyac vardır. 44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya Azərbaycan – Türkiyə birliyinin timsalında türkün gücünü, yenilməzliyini göstərdi.
Hazırda bütün Türk dünyasında ardıcıl araşdırmalar aparılır, türk sivilizasiyası, türk mədəniyyəti, elmi, dövlətçiliyi, hərb sənəti və s. öyrənilməklə, bəşər sivilizasiyası tarixində özünəxas yeri olan bu möhtəşəm irsin tam öyrənilməsinə fundamental tədqiqatlar həsr olunur. Fikrimizcə, beş cilddən ibarət olan “Türk dünyası” toplusu bu sahədə ən qiymətli tədqiqat işidir. Toplunun müəllifi - tanınmış ictimai-siyasi xadim, tarixçi-filosof alim, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev, dünya içində böyük bir dünyanın - Türk dünyasının ən qədim qatlardan bu günədək keçdiyi şanlı yolu, heç bir şeyi diqqətdən kənarda qoymayaraq, universal bir tədqiqatçı bacarığı ilə araşdırmış, türk böyüklüyünü, bütövlüyünü, əzəmətini və zənginliyini göstərmiş, türk dünyasının vəhdətini elmi əsaslarla təqdim etməyi bacarmışdır. 5 cilddən ibarət “Türk dünyası” əsərində müəllif türklüyün bütövlük gerçəkliyini, türk dünyasının xüsusiyyətlərini real faktlar əsasında, dolğun və zəngin məlumatlarla əks etdirmişdir. Elmi redaktorları akademik Yaqub Mahmudov və professor Fərman İsmayılov olan “Türk dünyasının təməl dəyərləri” adlı I kitabda 26 məqalə təqdim olunur və bu məqalələrdə türk sivilizasiyasının tarixi təkamülü və təməl dəyərləri, türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri, universal-multikulturalist dünyagörüşü və onların müasir dünyadakı mövqeyi haqqında geniş məlumat verilir.
Müəllif türk sivilizasiyasının dünyanın fundamental dəyərlərə malik ən seçkin sivilizasiyalarından biri olduğunu bildirərək, onun varlığını bu və ya digər şəkildə inkar edənlərə, türklərin yalnız mədəniyyətinin təşəkkül tapdığını, onların sivilizasiya yaratmaq səviyyəsinə çata bilmədiyini iddia edənlərə cavab olaraq, türk sivilizasiyasının varlığını şərtləndirən ən mühüm amilin onun dünya dil ailələrindən fərqli linqvistik sistemə - Altay dilləri qolunda türk dilləri ailəsinə mənsub superetnosun sivilizasiyası kimi təşəkkül tapmasını, onun ayrı-ayrı təzahürlər şəklində deyil, sistem və proses şəklində mövcud olduğunu elmi faktlar və zəngin mənbələrə istinad etməklə göstərmişdir. Müəllif haqlı olaraq vurğulayır ki, mədəniyyət içərisində mədəniyyətlərin olması faktını təsdiq etmək mümkün deyil. Yalnız türk sivilizasiyası öz içərisində tarixi inkişafın məntiqi ilə bir-biri ilə genetik bağlılıqla fərqli mədəniyyətlər yetişdirmişdir ki, onlar türk sivilizasiyasının içərisində universal dəyərlərə malik mədəniyyətlər kimi şəbəkələnmişdir. Əsərdə türk sivilizasiyasının bütün funksionallığı ilə Avrasiyanın zəngin təbiətini, etnosfer rəngarəngliyini, folklor arxetiplərini öz məğzində tarix boyu yaşada və onların vəhdətini mənəvi enerjiyə, hərbi-siyasi mütəşəkkillik qüdrətinə çevirə bildiyi üçün, sözün əsl mənasında passionar sivilizasiya olduğu qeyd edilir.
“Türk” etnonimi” bağlıqlı hissədə müəllif bir etimoloq mövqeyindən çıxış etməklə bu sözün mənşəyini, məna çalarlarını araşdırır və bu qənaətə gəlir ki, türk Avrasiyanın xüsusilə son 1500 illik tarixində arxaik dövlətçiliyi modern dövlətçiliyə qədər inkişaf etdirən, öz taleyini qədim dünyanın, demək olar ki, bütün xalqlarının taleyi ilə bağlayan bir ulus olmuşdur. Bu fikrin təsdiqinin davamı olaraq, növbəti başlıqda ulus, törə, damğa, kağanlıq, gənəşək kimi anlayışların mənasını araşdırmaqla, onları tarixən türklərin ictimai-siyasi həyatında bir-biri ilə bağlı olan fəaliyyətlərin mahiyyətində əksini tapmış dəyərlər kimi səciyyələndirir. Ulus dövlətini qurur, törə yaşam qaydalarını müəyyən edir, Damğa soyun etnosistemdəki yerini təyin edərək rəmzləşdirir, Kağanlıq siyasi hakimiyyətin quruluşu kimi təsis olunur, Gənəşək idarəetmənin əsasında dayanır.

https://disk.yandex.com/i/feADZxyA4nEfmw