- Details
- Dərc edilib: 19 Noyabr 2025
- Oxunma sayı: 17
Noyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında İİV/QİÇS infeksiyasından qorunma yollarına həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şəki Regional Laboratoriyasının müdiri Kəmalə Abdullayeva, laboratoriyanın feldşer-laborantı Arzu Bayramzadə, filialın rəhbərliyi, müəllimlər və müxtəlif ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini dos. Nuralı Çələbiyev qeyd edib ki, müasir dünyada ən qorxunc xəstəliklərdən biri olan QİÇS - infeksion xəstəliyi ilk dəfə 1981-ci ildə aşkar edilib və indiyədək 40,4 milyon insanın həyatına son qoyub. Hazırda dünyada İİV-ə yoluxmuş insanların sayı 39 milyondan çoxdur və onlardan 1,5 milyon nəfəri uşaqdır.
Qeyd olunub ki, 1986-cı ildə respublikamızda QİÇS-lə Mübarizə Mərkəzi və onun regional laboratoriyaları yaradılıb. Hazırda ölkəmizdə 12 belə laboratoriya fəaliyyət göstərir. Onlardan biri də ölkəmizin Şimal-Qərb bölgəsinə daxil olan 7 rayona xidmət göstərən Şəki Regional Laboratoriyasıdır.
Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şəki Regional Laboratoriyasının müdiri Kəmalə Abdullayeva İİV/QİÇS infeksiyası, onun yoluxma yolları, müayinəsi və müalicə vasitələri haqqında geniş təqdimatla çıxış edib, tələbələrin suallarını cavablandırıb. Tədbirin sonunda bir qrup tələbə könüllü olaraq ekspress İİV/QİÇS testindən keçərək, analiz verib, iştirakçı tələbələrə maarifləndirici bukletlər paylanılıb.
