- Details
- Dərc edilib: 25 Sentyabr 2026
- Oxunma sayı: 42
Sentyabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 27 Sentyabr – Anım Gününə həsr olunmuş elmi seminar keçirilib.
Tədbirdə şəhid anaları, 44 günlük Vətən müharibəsinin qaziləri, filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seminarı giriş sözü ilə ADPU-nun Şəki filialının direktoru, dosent Vurğun Məmmədov açıb. Direktor çıxışında 27 sentyabr 2020-ci il tarixinin Azərbaycan tarixində mühüm və unudulmaz günlərdən biri olduğunu bildirib. Qeyd edilib ki, məhz həmin gün başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası, uzun illər işğal altında qalmış torpaqlarımızın azad edilməsi və tarixi ədalətin bərqərar olması ilə nəticələnən Böyük Zəfərin başlanğıc nöqtəsi olub.
Dosent Vurğun Məmmədov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı dövlətimizin və Ordumuzun ətrafında sıx birləşərək misilsiz həmrəylik nümayiş etdirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yeritdiyi düzgün siyasət, Azərbaycan ordusunun qəhrəmanlığı, şəhidlərimizin canı və qanı bahasına qazanılan tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq. Şəhidlərin müqəddəs xatirəsinin yaşadılması, onların qəhrəmanlıq yolunun gənc nəslə çatdırılması hər birimizin mənəvi borcudur.
Daha sonra filialın Ümumelmi fənlər kafedrasının müəllimi Nərgiz Heydərovanın “27 Sentyabr – Böyük Zəfərə gedən yolun başlanğıcıdır” mövzusunda elmi məruzəsi dinlənilib.
Məruzədə 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin tarixi-siyasi əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycan Ordusunun hərbi əməliyyatlar zamanı göstərdiyi qəhrəmanlıq və fədakarlıq, 44 gün ərzində əldə edilən mühüm hərbi nailiyyətlər barədə ətraflı məlumat verilib. Həmçinin Vətən müharibəsinin Azərbaycanın müasir tarixindəki yeri və xalqımızın milli yaddaşında yaratdığı dərin izlərdən bəhs olunub.
Elmi seminarın gedişində Vətən müharibəsinin müxtəlif məqamlarını, Ali Baş Komandan İlham Əliyevin çıxışlarını, Azərbaycan əsgərinin döyüş yolunu, şəhidlərimizin qəhrəmanlığını və xalqımızın Böyük Zəfər sevincini əks etdirən videoçarxlar nümayiş etdirilib.
Tədbirdə şəhid Məmmədiyə Cabbarzadənin anası Zöhrə Cabbarzadə çıxış edərək şəhid ailələrinə, xüsusilə şəhid analarına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O, şəhidlərin xatirəsinin daim əziz tutulmasının, onların həyat və döyüş yolunun gənc nəslə nümunə kimi çatdırılmasının böyük əhəmiyyət daşıdığını qeyd edib.
ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva çıxışında şəhid analarına dərin hörmət və ehtiramını ifadə edib. Şəhidlərin Vətən qarşısındakı misilsiz xidmətlərinin heç vaxt unudulmayacağını vurğulayan dos.Gülarə Abdullayeva 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş qazilərə möhkəm cansağlığı və uzun ömür arzulayıb və vurğulayıb ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların keçdiyi şərəfli döyüş yolunun gələcək nəsillərə çatdırılması və gənclərin milli-mənəvi dəyərlərə, Vətənə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyə olunması mühüm əhəmiyyət kəsb edir. 27 Sentyabr – Anım Gününə həsr olunmuş elmi seminar Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi kimi yadda qalıb.
Tədbir şəhidlərin müqəddəs xatirəsinə dərin ehtiram və minnətdarlıq hissləri ilə başa çatıb.
