- Details
- Dərc edilib: 02 Dekabr 2024
- Oxunma sayı: 2007
Noyabrın 29-da Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı, Mingəçevir Dövlət Universitetinin (MDU) ev sahibliyi ilə “XXI əsr təhsil çağırışları və tələbəyönümlü tədrisin təşkili” mövzusunda təlim keçirilib. Təlimdə TKTA-nın İdarə heyətinin sədri Tural Əhmədov, agentliyin struktur bölmələrinin rəhbərləri və əməkdaşları, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin akademik və inzibati heyəti, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının 10 nəfər əməkdaşı (fakültə dekanları, dekan müavinləri, şöbə müdirləri) və media nümayəndələri iştirak ediblər.
Təlimin təşkilində məqsəd regionlarda yerləşən ali təhsil müəssisələrinə keyfiyyət təminatına dair faydalı məlumatlar vermək, onlara daxili keyfiyyət təminatı sisteminin formalaşdırılmasına, müəssisələrdə keyfiyyət təminatı strukturunun işinin səmərəli təşkilinə və tədrisin tələbəyönümlü prinsiplər əsasında qurulmasına dəstək göstərmək olub.
Tədbiri MDU-nun rektor əvəzi Üzeyir Zeynalov açıb, təlimin əhəmiyyətindən danışıb.
TKTA-nın İdarə heyətinin sədri Tural Əhmədov tədbir iştirakçılarına XXI əsr təhsil çağırışları və tələbəyönümlü tədrisin təşkili ilə bağlı vacib məqamlar haqqında ətraflı məlumat verib.
Təlim çərçivəsində TKTA-nın məsul əməkdaşları mövzu ətrafında geniş məruzələrlə çıxış ediblər.
Sonda təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin səmərəliliyinin qiymətləndirilməsi alətlərinin tələbləri və tətbiqi mexanizmi barədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.