ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının növbəti elmi seminarı keçirilib. Microsoft Teams platforması üzərindən keçirilən seminarda kafedra müdiri prof. Firədun İbrahimov və kafedranın əməkdaşları iştirak ediblər.
Elmi seminarı giriş sözü ilə kafedra müdiri prof. Firədun İbrahimov açaraq bildirib ki, elmi seminar “Rəqəmsal gələcək: perspektivlər, təhlükələr” mövzusuna həsr olunub.
Kafedra müdiri məsələ ilə bağlı öz fikir və mülahizələrini seminar iştirakçılarına çatdırdıqdan sonra məruzə üçün sözü kafedranın baş müəllimi Gülnarə Qarayevaya verib. Məruzəçi öncə müasir rəqəmsal texnologiyalar haqqında lakonik məlumat verdikdən sonra rəqəmsal gələcək və onun imkanları ilə bağlı arqumentləşdirilmiş mülahizələrini kafedra əməkdaşları ilə bölüşüb, rəqəmsal mühitdə mövcud olan müxtəlif aspektli təhlükələrə münasibət bildirərək ondan sığortalanma yollarının interpretasiyasını verib.
Təqdim olunan məruzə kafedra əməkdaşlarının gərgin diskussiyasına səbəb olub və sonda kafedra əməkdaşları seminarda qoyulmuş mövzu və müzakirədən razı qaldıqlarını bildiriblər.
Seminarın sonunda kafedra müdiri prof. Firədun İbrahimov məruzəçiyə öz tövsiyələrini verib və bütün iştirakçılara təşəkkürünü bildirib.