- Details
- Dərc edilib: 26 Fevral 2026
- Oxunma sayı: 19
Fevralın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalıya həyat qayıdır, ədalət zəfər çaldı” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyətinin nümayəndələri və tələbələr iştirak ediblər.
Anım mərasimini giriş sözü ilə filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva açaraq Xocalı faciəsinin başvermə səbəbləri, onun ağır nəticələri və tarixi-siyasi mahiyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım aktlarından biri kimi insanlıq tarixində qanlı səhifədir.
Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin davamında filialın Humanitar fənlər kafedrasının əməkdaşları - baş müəllim Tahir Məhərrəmov “Xocalı faciəsi insanlıq tarixində soyqırım aktı kimi”, baş müəllim Elnarə Cabbarova isə “Zəfərin gətirdiyi yeni həyat – Xocalı öz sakinlərini qarşılayır” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə faciənin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi, tarixi ədalətin bərpası və azad olunmuş torpaqlarda həyatın yenidən qurulması məsələlərinə toxunulub.
Sonda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir dosent Gülarə Abdullayevanın yekun nitqi ilə başa çatıb.
