Hörmətli professor-müəllim heyəti, filialımızın dəyərli əməkdaşları, əziz tələbələr və məzunlarımız!
Sizi baharın müjdəçisi, yenilənmənin və birlik ruhunun simvolu olan müqəddəs Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm! Bu əziz bayramın hər birinizə firavanlıq, xoşbəxtlik və yeni uğurlar gətirməsini arzulayıram.
Novruz bayramı xalqımızın minilliklər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərdən biri, bərəkətin, bolluğun və qardaşlığın təcəssümüdür. Tarixi kökləri zəmanəmizdən min illərlə əvvələ, qədim Şərq sivilizasiyasına gedib çıxan Novruz, təbiətin oyanışını, insan qəlbində yenilənmə və saflaşma duyğularını tərənnüm edir. Novruzun dörd çərşənbəsi – su, od, yel və torpaq çərşənbələri – insanla təbiət arasındakı vəhdətin, əzəli varlığın dörd ünsürünün ifadəsidir. Xalqımız əsrlər boyu bu bayramı qeyd edərək, öz qədim adət-ənənələrini, milli kimliyini yaşatmış və nəsildən-nəslə ötürmüşdür.
Lakin uzun illər boyu Sovet hakimiyyəti dövründə Novruz bayramı müxtəlif təzyiqlərə məruz qalmış, onun qeyd edilməsi məhdudlaşdırılmışdı. Xalqımızın milli dəyərlərinin qorunub saxlanılmasında, o cümlədən Novruz bayramının bərpasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1969-cu ildən etibarən Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrdə Novruzun dövlət səviyyəsində qeyd olunmasına şərait yaratmış, milli ruhun qorunması üçün əvəzsiz töhfələr vermişdir. Müstəqillik dövründə isə Heydər Əliyevin rəhbərliyi ilə Novruzun dövlət bayramı kimi təsdiqlənməsi, onun beynəlxalq səviyyədə tanıdılması təmin olunmuşdur.
Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Novruzu qalib xalq kimi qeyd edir. Ərazi bütövlüyümüzün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi, dirçəldilməsi bu günlərdə xalqımızın sevincini daha da artırır. Biz Azərbaycan xalqının birlik və həmrəylik ruhunun, ən çətin sınaqlardan belə üzüağ çıxa bilmək qüdrətinin canlı şahidiyik. Dövlət başçımızın rəhbərliyi ilə Novruz ənənələri işğaldan azad olunmuş torpaqlarımızda da bərpa olunur, bayram tonqalları Şuşada, Xankəndidə, Cıdır düzündə qalanır. Bu, xalqımızın öz torpaqlarına dönüşünün, mədəni irsimizin bərpasının və tarixi ədalətin təntənəsinin bariz nümunəsidir.
Bu bayram günlərində Vətən uğrunda canını fəda edən şəhidlərimizi böyük ehtiramla yad edir, onların ruhuna dua edirik. Şəhidlərimizin ailələrinə, qazilərimizə isə dərin minnətdarlığımızı bildirir, onlara cansağlığı və şəfa diləyirik. Məhz onların qəhrəmanlığı sayəsində biz bu gün bütöv, qüdrətli və müstəqil Azərbaycan kimi Novruzu qürur hissi ilə qeyd edirik.
Vətənimizin ərazi bütövlüyünün bərpa olunması, dövlətimizin beynəlxalq arenada artan nüfuzu və iqtisadi inkişafı bizə daha böyük inam və sevinc bəxş edir. Dövlətimizin elmə və təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində universitetimiz də hər il yeni nailiyyətlər əldə edir, beynəlxalq akademik mühitdə öz mövqeyini gücləndirir və savadlı, vətənpərvər gənclər yetişdirir.
. Bu Novruz günlərində hər birinizə möhkəm cansağlığı, süfrənizə ruzi-bərəkət, işlərinizdə uğurlar və ailələrinizə xoşbəxtlik arzulayıram. Qoy bu bahar hər biriniz üçün yeni ümidlər, gözəl başlanğıclar və sevinc dolu anlarla yadda qalsın.
Novruz bayramınız mübarək olsun!