Aprelin 17-də Şəkidə, Heydər Əliyev Mərkəzində Şəki şəhər İcra Hakimiyyəti, “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq üslubunu əsrlərdir yaşadan Şəki” adlı tədbir keçirilib. Tədbirdə dövlət rəsmiləri, müxtəlif qurumların nümayəndələri, şəhər ziyalıları, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının direktoru, struktur rəhbərləri və kollektivin nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə iştirakçilar 2016-cı ildə Türksoy rəssamlarının Şəkiyə həsr etdiyi tablolar və yerli rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Daha sonra “Memarlıq və şəhərsalma ili”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi vəzifəsini icra edən Tərxan Tahirli, Qoruğun baş memarı Sehran Məmmədov, Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi Zəminə Rəsulova çıxış ediblər. Çıxışlarda Şəkinin əsrlər boyu qorunub saxlanılan memarlıq irsi, şəhərsalma ənənələri və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb.
