- Details
- Dərc edilib: 17 Aprel 2026
- Oxunma sayı: 31
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Pedaqoji fakültəsinin iş planına uyğun olaraq, tələbələrin asudə vaxtının səmərəli təşkili və onların mədəni-estetik dünyagörüşünün zənginləşdirilməsi məqsədilə aprelin 16-da maarifləndirici ekskursiya təşkil olunub. Ekskursiyada fakültə dekanı, fil.ü.f.d., baş müəllim Xalidə Abdullayeva, ixtisas tütorları və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər. Səfər çərçivəsində iştirakçılar Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin və böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin ev-muzeylərini ziyarət edib, onların həyat və yaradıcılığı ilə yaxından tanış olublar. Bununla yanaşı, tələbələr Şəki Xan Sarayı və Yuxarı Karvansaray kimi ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrinə səfər edib, bu abidələrin tarixi, memarlıq xüsusiyyətləri və mədəni dəyəri haqqında ətraflı məlumat əldə ediblər. Ekskursiya iştirakçıların Azərbaycanın tarixi və mədəni irsinə marağının artırılması, onların nəzəri biliklərinin praktik müşahidələrlə zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
