Oktyabrın 25-də filialda bütün struktur rəhbərlərinin iştirakı ilə Keyfiyyət komissiyasının genişləndirilmiş iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələlər kafedralarda tədris olunan fənlərin proqram təminatı, dərs jurnallarının yazılması və “İbtidai sinif müəllimliyi” təhsil proqramı üzrə akkreditasiya komissiyasının 28-29 oktyabr tarixlərində baş tutacaq sahə səfərinə hazırlıq vəziyyəti ilə bağlı olub.
İclası filialın direktoru dosent Vurğun Məmmədov açaraq qarşıda duran məsələlər haqqında iştirakçıları məlumatlandırıb. Fənn jurnallarının vaxtında yazılması ilə bağlı Filologiya və Pedaqoji fakültə dekanlarına tapşırıq verib. İbtidai sinif müəllimliyi ixtisasının proqram akkreditasiyası ilə bağlı struktur rəhbərlərinə, eləcə də inzibati-koməkçi heyətə lazımi təlimatlar verilib.
Kafedralarda proqram təminatı haqqında filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva məlumat verib, 2024-2025-ci tədris ilinin əvvəlindən etibarən kafedralardan fənlər üzrə yenilənmiş proqramların mövcudluğu vəziyyəti ilə bağlı əldə edilmiş məlumat diqqətə çatdırılıb və qeyd olunub ki, olmayan və ya köhnəlmiş proqramların əldə edilməsi ilə bağlı davamlı iş aparılıb, ADPU-dan çox sayda təsdiqlənmiş proqram götürülərək kafedralara təqdim edilib.
Akkreditasiya prosesinin sahə səfərinə hazırlığın son vəziyyəti ilə bağlı filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri Nərminə Nəsrullayeva məruzə edib. O, qeyd edib ki, filialın strukturlarında hər il olduğu kimi, monitorinq prosesi həyata keçirilib, eyni zamanda sahə səfərində filialın özünütəhlil hesabatına əsasən filialın uyğun strukturlarından İbtidai sinif müəllimliyi ixtisası ilə bağlı tələb olunan son beş ilin sənədləri yenidən nəzərdən keçirilib. N.Nəsrullayeva öz məruzəsində akkreditasiyaya hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verib və qarşıda duran vəzifələrdən danışıb.
İclasda mövcud struktur rəhbərlərinə lazımi tapşırıqlar verilib.