- Details
- Dərc edilib: 14 Mart 2025
- Oxunma sayı: 34
Martın 13-də Azərbaycan Dövlət Pedaqoji Univesitetinin (ADPU) Şəki filialında Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 18-ci ildönümünə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsinin təşəbbüsü və filialın Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə elmi işlər üzrə direktor müavini dosent Nurəli Çələbiyev açaraq, bu qurumun dövlətimizin təhlükəsizliyindəki rolundan bəhs edib. Sonra ümummilli lider Heydər Əliyevin, Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi sükutla yad edilib. Tədbirdə Şəki RMİ-nin şöbə rəisi Rəşad Bağırov Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və regionda Şəki RMİ-nin rolu haqqında geniş məlumat verib. Daha sonra Şəki RMİ-nin inspektoru Nicat Əkbərov “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” 19 mart 2007-ci il tarixli 560 nömrəli Fərmana əsasən yaradılması, fəaliyyəti, icazə vəsiqələrinin verilməsi qaydalarına dair təqdimatla çıxış edib. Tədbirdə həmçinin Şəki RMİ-nin baş inspektoru Elnur Əliyevin 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan edilməsinə dair çıxışı dinlənilib, tələbə və müəllimlərin sualları cavablandırılıb. Tədbirin sonunda filialın direktor müşaviri dosent Rafiq Rasulov yekun nitqi ilə çıxış edib, Dövlət Miqrasiya Xidməti əməkdaşlarına maarifləndirici tədbirin təşkilinə görə təşəkkürünü bildirib, tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb.