- Details
- Dərc edilib: 21 Fevral 2025
- Oxunma sayı: 156
Fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Beynəlxalq Ana dili Gününə həsr olunmuş tədbir keçirilib. Filialın Humanitar fənlər kafedrasının baş müəllimi Rasimə Bəkirovanın təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva giriş nitqi ilə çıxış edərək, dilin xalqın varlığını şərtləndirən əsas amillərdən biri olduğunu vurğulayıb. Dünyada yaşayan 50 milyondan çox azərbaycanlının birlik və həmrəyliyinin sarsılmaz təməli olan Azərbaycan dilinin inkisafı istiqamətində həyata keçirilən dövlət proqramlarından bəhs edən natiq Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması, ədəbi dil normalarına əməl edilməsi məqsədilə diqqət yetirilməli məqamlara toxunub. Sonra Ümummilli lider Heydər Əliyevin ana dili haqqında müdrik fikirlərindən, dövlətimizin Azərbaycan dilinin tətbiqi işinin yaxşılaşdırılması, qloballaşan dünyada dilimizin saflığının qorunması istiqamətində həyata keçirdiyi işlərdən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə filialın Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmov “Azərbaycan dilinin tarixi kökləri və inkişafı”, Dillər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Türkan Məcidova “Şairlərin yaradıcılığında ana dili sevgisi” mövzularında çıxış ediblər. Tədbirdə tələbələrin ifasında ana dilinə həsr olunmuş şeirlər səsləndirilib, səhnəciklər nümayiş olunub.
Tədbirin sonunda Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması ilə bağlı müzakirələr aparılıb, ədəbi dilimizin normalarına düzgün əməl edilməsi istiqamətində görülməli işlərdən bəhs edilib.
Tədbir dos.Gülarə Abdullayevanın yekun sözü ilə başa çatıb.