- Details
- Dərc edilib: 14 Oktyabr 2026
- Oxunma sayı: 124
Oktyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondunun (TTKF) baş mütəxəssisi Emin Şeydayev və mütəxəssis Novruz İsmayılovun tələbələrlə görüşü təşkil olunub. Görüşün təşkilində məqsəd tələbələrə fondun fəaliyyəti haqqında məlumat vermək, onları təhsil tələbə krediti ilə bağlı maarifləndirmək olub. Görüşdə filial tələbələrinin təhsil krediti ilə bağlı məsul şəxslər - Pedaqoji fakültənin dekan müavini, baş müəllim Mehriban Kərimova, Humanitar fakültənin əməkdaşı Nigar Qaffarlı və müxtəlif ixtisasların tələbələri iştirak ediblər.
Tədbiri dekan müavini baş müəllim Mehriban Kərimova açaraq, TTKF barədə məlumat verib, təhsilə əlçatanlığın artırılması və tələbələrin sosial baxımdan dəstəklənməsi işində fondun rolunu vurğulayıb.
Daha sonra fondun baş mütəxəssisi Emin Şeydayev çıxış edərək tələbələrə TTKF, fonda müraciət prosedurları, kreditin üstünlükləri, eləcə də geri ödəniş şərtləri haqqında ətraflı məlumat verib. O həmçinin tələbələrin suallarını cavablandıraraq mövzu ilə bağlı geniş izahatlar təqdim edib.
Görüş interaktiv müzakirə şəraitində keçirilib, tələbələrə təhsil tələbə krediti sistemi ilə bağlı ətraflı məlumat verilib və praktiki biliklər aşılanıb.
