- Details
- Dərc edilib: 27 Aprel 2026
- Oxunma sayı: 54
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının bir qrup müəllim və tələbəsi Mingəçevir Dövlət Universiteti, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi Tədqiqat İnstitutunun birgə təşkil etdikləri “Psixologiyada multidisiplinar elmi tədqiqatlar” adlı beynəlxalq konfransda iştirak ediblər. Konfrans aprelin 24-25-də Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində keçirilib. ADPU-nun Şəki filialının elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev konfransın panel müzakirəsində “Qloballaşan cəmiyyət və ailə: funksional və struktur dəyişmələrinin psixoloji səciyyəsi” mövzusunda təqdimatla çıxış edib. Filialın konfransa məqalə təqdim etmiş digər əməkdaşları da müxtəlif bölmələrdə təqdimatla çıxış ediblər. Həmçinin konfransda iştirak edən filial tələbələri bölmə iclaslarında iştirak edərək konfransdan xoş təəssüratlarla ayrılıblar. Onlar “Narınc” Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmovanın təlimçiliyi ilə “Dərmansız yanaşma: depressiya və təşvişdə neyropsixoloji əsaslı neyrotənzimləmə” mövzusunda təqdimatda, təlimçi Səbinə Eyyubovanın “Kəkələməni anlamaq və idarə etmək” adlı “Work shop”da, Aydın Kərimovun modiratorluğu ilə keçirilmiş “Psixologiyada inklüziv yanaşmalar: müxtəliflik, bərabərlik və psixoloji rifah” adlı bölmədə iştirak ediblər.
Dosent Nuralı Çələbiyev konfransın işinə verdiyi dəstəyə və dərin məzmunlu təqdimatına görə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov tərəfindən təşəkkürnamə ilə təltif edilib.
