- Details
- Dərc edilib: 03 Mart 2026
- Oxunma sayı: 63
Martın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin təşkilatçılığı ilə “Alievs Space” şirkətinin tələbələrlə görüşü keçirilib. Görüşdə filialıın müəllim və tələbələri, şirkətin rəhbəri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan filialın Pedaqoji fakültəsinin dekan müavini baş müəllim Mehriban Kərimova görüşün məqsədi barədə məlumat verib. Bildirilib ki, şirkət informasiya texnologiyaları, proqramlaşdırma sahəsində kadr potensialının inkişafına töhfə vermək məqsədilə tələbələr, müəssisənin əməkdaşları və işə yeni başlayan mütəxəssislər üçün Frontend və Backend istiqamətləri üzrə pulsuz tədris və praktika proqramına start verib. Sonra şirkətin rəhbəri Emin Əliyev bu təşəbbüsün əsas məqsədinin gənclərin peşəkar inkişafına dəstək olmaq, onları müasir proqramlaşdırma bilikləri və praktiki bacarıqlarla təmin etmək, eyni zamanda real layihələrdə iştirak edə biləcək ixtisaslı kadr ehtiyatı formalaşdırmaq olduğunu, proqram çərçivəsində iştirakçılara müasir veb-inkişaf texnologiyaları, Frontend və Backend arxitekturası, verilənlər bazaları ilə iş prinsipləri, layihə yanaşmaları və komanda ilə işləmə bacarıqlarının öyrədiləcəyini vurğulayıb. Proqramın sonunda iştirakçıların bilik və bacarıqlarının qiymətləndiriləcəyi, yüksək nəticə göstərən, məsuliyyətli və motivasiyalı tələbələrin şirkətdə təcrübə (staj) proqramına cəlb olunacağı və təcrübəli mütəxəssislərin rəhbərliyi alında real layihələrdə iştirak edəcəkləri vurğulanıb. Sonda iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.
