- Details
- Dərc edilib: 07 Mart 2025
- Oxunma sayı: 175
Hörmətli xanımlar - əziz həmkarlar, məzun və tələbə qızlarımız!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram!
Azərbaycan qadını tarix boyu cəmiyyətimizin mənəvi dayağı, milli-mənəvi dəyərlərimizin qoruyucusu və təbliğatçısı olmuşdur. Tarixin müxtəlif dövrlərində Azərbaycan qadını yalnız ailənin əsas sütunu kimi deyil, həm də dövlətçilik ənənələrimizin yaşadılmasında, elmin, təhsilin, mədəniyyətin və ictimai həyatın inkişafında müstəsna xidmətlər göstərmişdir. Qədim dövrlərdən bu günə qədər qadınlarımız cəmiyyətin aparıcı qüvvələrindən biri olmuş, xalqımızın tərəqqisinə mühüm töhfələr vermişlər.
Azərbaycanın milli istiqlal mübarizəsində, ölkəmizin müstəqilliyinin qorunması və inkişafı yolunda da qadınlarımız böyük fədakarlıq nümunəsi göstərmişlər. Tarixin səhifələrini vərəqlədikdə görürük ki, Nigar, Tomris, Sara Xatun kimi qəhrəman qadınlarımız xalqımızın taleyində əhəmiyyətli rol oynamışlar. Müasir dövrdə də Azərbaycan qadını yalnız ailəsinin deyil, cəmiyyətin və dövlətin rifahı üçün böyük əzmlə çalışan bir simadır. Xüsusilə müəllim qadınlarımız hər zaman elm və bilik fədaisi kimi xalqımızın maariflənməsində, yeni nəslin yetişdirilməsində mühüm rol oynamış, bilik və hikmət işığını fədakarlıqla gələcək nəsillərə ötürərək Azərbaycanımızın parlaq gələcəyinin qurucularına çevrilmişlər. Bu gün də müəllim qadınlarımız Vətənə ləyaqətli övladlar yetişdirir, gənc nəslə bilik, mənəviyyat və vətənpərvərlik aşılayır. Onlardan dərs alan hər bir şagird, tələbə gələcəyin ziyalısı, alimləri, dövlət və elm xadimləri, vətənpərvər Azərbaycan övladlarıdır.
Bu gün Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi daha da güclənmiş, onların dövlət idarəçiliyində, elm və təhsildə, mədəniyyət və incəsənətdə, iqtisadi və ictimai həyatda rolu əhəmiyyətli dərəcədə artmışdır. Xüsusilə Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva müasir Azərbaycan qadınının parlaq simvoluna çevrilmişdir. Onun gördüyü xeyirxah işlər, milli mədəniyyətiymizin və humanitar dəyərlərimizin qorunub inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi layihələr, elm, təhsil və səhiyyə sahələrinə verdiyi töhfələr bütün qadınlarımız üçün bir nümunədir. Mehriban xanım Əliyevanın yüksək insani keyfiyyətləri, ölkəmizin beynəlxalq arenada tanınmasına və inkişafına verdiyi töhfələr Azərbaycan qadınının nəyə qadir olduğunu bir daha sübut edir.
Azərbaycan qadını həm də Vətən yolunda canını fəda etmiş igid oğulların anasıdır. Şəhid anaları bizim üçün müqəddəs və əzizdir. Onlar təkcə öz övladlarını deyil, bütöv bir xalqın qəhrəmanlarını yetişdirən fədakar qadınlardır. Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin anaları hər zaman xalqımızın dərin ehtiram və minnətdarlıq hissi ilə yad etdiyi qəhrəman qadınlardır. Onların göstərdiyi mətanət, Vətənə olan sonsuz sevgisi gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
Əziz xanımlar! Siz cəmiyyətimizin dayağı, ailənin qoruyucusu, milli-mənəvi dəyərlərimizin daşıyıcısı olaraq daim hörmət və ehtirama layiqsiniz. Sizin sayənizdə ailələrimiz möhkəm, cəmiyyətimiz güclü, dövlətimiz isə daha qüdrətli olur. Siz həm bir ana, bir övlad, bir müəllim, bir alim, bir dövlət xadimi, bir sənətkar, bir ziyalı, həm də vətənpərvər bir Azərbaycan qadını olaraq daim tarix yazmısınız və yazmaqda davam edirsiniz.
Bu gözəl bayram günündə hər birinizə sağlamlıq, firavanlıq, xoşbəxtlik və uğurlar arzulayıram! Qoy həyatınız sevgi, xoşbəxtlik və əmin-amanlıqla dolu olsun!
Bayramınız mübarək!