- Details
- Dərc edilib: 14 May 2026
- Oxunma sayı: 22
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Psixologiya hər yerdə” adlı tədbir keçirilib. Gənc Psixoloqlar Birliyinin rəhbəri baş müəllim Kəmalə Ramazanovanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbir birliyin fəaliyyətinin 8 illiyinə həsr olunub. Tədbirdə filial rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşlar və tələbələr iştirak ediblər.
Tədbirin əsas məqsədi gündəlik həyatda psixologiyanın rolunu diqqətə çatdırmaq, insan münasibətlərində psixoloji yanaşmanın əhəmiyyətini nümayiş etdirmək və tələbələrin psixoloji maariflənməsinə dəstək göstərmək olub.
Tədbir çərçivəsində filialın “Təhsildə sosial-psixoloji xidmət” və “Sosial iş” ixtisaslarının tələbələri tərəfindən müxtəlif sosial-psixoloji mövzuları əhatə edən səhnəciklər təqdim olunub. Səhnəciklərdə ailədaxili münasibətlərə müdaxilənin yaratdığı problemlər, peşələrin insan davranışına və cəmiyyətin münasibətinə təsiri, eləcə də abituriyentlərin maraq və bacarıqlarına uyğun peşə seçiminin vacibliyi kimi aktual məsələlər diqqətə çatdırılıb.
Tədbirdə ADPU-nun Şəki filialının direktoru dosent Vurğun Məmmədov, tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva, elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev və Ümumelmi fənlər kafedrasının müdiri dosent Sədrəddin Bədiyev çıxış edərək tədbirin əhəmiyyətindən, tələbələrin fəallığından və psixoloji maarifləndirmənin cəmiyyət üçün vacibliyindən danışıblar.
Tədbirin sonunda Gənc Psixoloqlar Birliyinin rəhbəri baş müəllim Kəmalə Ramazanovaya Təşəkkürnamə, birlik üzvlərinə isə sertifikatlar təqdim olunub. Kəmalə Ramazanova fəaliyyətlərinə verilən dəyərə görə filial rəhbərliyinə təşəkkürünü bildirib.
Sonda xatirə şəkilləri çəkilib.
