- Details
- Dərc edilib: 14 May 2026
- Oxunma sayı: 48
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının əməkdaşları Şəki şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində X və XI sinif şagirdləri ilə maarifləndirici görüş keçiriblər. Görüşün əsas məqsədi ADPU-nun Şəki filialında mövcud olan ixtisaslar barədə şagirdlərə məlumat vermək, onları ixtisas seçimi prosesi ilə bağlı maarifləndirmək və gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə dəstək göstərmək olub.
Görüşdə ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov, Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva, Karyera mərkəzinin müdiri Xuraman Həmidova, Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsinin müdiri Səmra Rəsulova-Süleymanova iştirak ediblər.
Şagirdlərə filialda tədris olunan ixtisaslar, ali təhsil imkanları, müəllimlik peşəsinin perspektivləri, tələbələr üçün yaradılmış təhsil mühiti və universitet həyatı barədə ətraflı məlumat təqdim olunub. Eyni zamanda, ixtisas seçiminin düzgün aparılmasının əhəmiyyəti vurğulanıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onların gələcək planları ətrafında fikir mübadiləsi aparılıb.
Məktəbin direktoru Gülnarə Nəsibova görüşün əhəmiyyətini yüksək qiymətləndirərək, bu cür maarifləndirici tədbirlərin şagirdlərin gələcək peşə seçimində mühüm rol oynadığını vurğulayıb və qonaqlara təşəkkürünü bildirib.
