- Details
- Dərc edilib: 19 May 2026
- Oxunma sayı: 98
Mayın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Beynəlxalq Muzeylər Günü münasibətilə tələbələr üçün maarifləndirici ekskursiya və təlim proqramı təşkil olunub.
Filialın Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Səadət Feyzullayevanın və Humanitar fənlər kafedrasının müəllimi Xəyalə Osmanovanın rəhbərliyi ilə “Sosial iş” və “Məktəbəqədər təhsil” ixtisaslarında təhsil alan tələbələr XVIII əsrə aid tarixi-memarlıq abidəsi olan Şəki Xan Məscidini və məscidin həyətində yerləşən, Şəki xanlığında hakimiyyətdə olmuş xanların və onların ailə üzvlərinin dəfn edildiyi qəbiristanlıq kompleksini ziyarət ediblər.
Ekskursiya çərçivəsində tələbələr kompleksin ərazisində fəaliyyət göstərən muzeylə yaxından tanış olub, burada nümayiş etdirilən eksponatlar barədə ətraflı məlumat əldə ediblər. Muzeyin zəngin tarixi irsi və ekspozisiyası tələbələrin xüsusi marağına səbəb olub.
Kompleks rəhbərliyi tərəfindən təşkil olunan təlim proqramında iştirak edən tələbələr saxsı, taxta və kağız üzərində müxtəlif əl işlərinin hazırlanması prosesinə cəlb olunublar. Təlimlər iştirakçıların həm yaradıcılıq bacarıqlarının inkişafına, həm də milli-mədəni irsə maraqlarının artırılmasına töhfə verib.
Qeyd edək ki, sözügedən tarixi-memarlıq abidəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2022-ci ildə əsaslı şəkildə bərpa olunub.
