8 Noyabr – Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru dosent Rafiq Rasulovun TƏBRİKİ
Hörmətli həmkarlar, əziz tələbələr, filialımızın məzunları!
Sizi Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edirəm!
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən Vətən müharibəsində qələbənin ikinci ildönümünü böyük sevinc və qürur hissi ilə qeyd edirik. İki il əvvəl Azərbaycanın müzəffər ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə mənfur düşməni işğal olunmuş torpaqlarımızdan qovdu və həmvətənlərimizin otuz illik yurd, torpaq həsrətinə son qoyuldu. Qarabağın azad edilməsi ölkəmizdə yeni bir mərhələnin başlanğıcı kimi tarixə düşdü. Artıq iki ildir ki, azad olunmuş ərazilərdə quruculuq işləri həyata keçirilir, möhtəşəm lajihələr icra edilir. Dövlət başçımız cənab İlham Əliyevin, ölkənin birinci xanımı Mehriban Əliyevanın dəfələrlə bu əraziyə səfəri, bir sıra infrastruktur layihələrin, həmçinin “Ağıllı kənd” layihəsinin uğurla yerinə yetirilməsi, Füzuli və Zəngilanda Beynəlxalq Hava Limanının açılışı və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin şəhərlərdə hava limanının açılışında iştirakı mühüm tarixi hadisə kimi dəyərləndirilir, bu ərazidə həyata keçirilən möhtəşəm işlərin uğurlu nəticəsindən xəbər verir.
Bu gün hər bir azərbaycanlı qalib dövlətin vətəndaşı kimi Zəfər Gününü böyük sevinc hissi ilə qeyd edir. Bunun üçün cənab prezidentimizə, müzəffər ordumuza dərin minnətdarlığımızı bildirir, Vətən yolunda canlarını qurban vermiş şəhidlərin ruhu qarşısında sonsuz hörmət və ehtiramla baş əyir, qazilərimizə şəfa diləyirik.
Əziz həmvətənlər! Noyabr ayının 9-da daha bir qürurverici bayramı – Dövlət Bayrağı Gününü qeyd edəcəyik. Üçrəngli bayrağımız bu gün Azərbaycanın hər bir guşəsində, o cümlədən Qarabağda, Şuşada, Laçında vüqarla dalğalanır. Bayrağımız bizim milli qürurumuzdur.
Sizləri bu möhtəşəm bayramlar - Qələbə Günü və Dövlət Bayrağı Günü münasibətilə bir daha ürəkdən təbrik edir, hər birinizə Vətənimizin inkişafı yolunda uğurlu fəaliyyət arzulayıram.