Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Səki filialında “Karyeramızı necə qurmalı?” mövzusunda maarifləndirici tədbirlərə start verilib. Filialın Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirlər buraxılış kurslarının tələbələri üçün nəzərdə tutulub. Filialın Pedaqoji fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisasının tələbələri ilə keçirilən tədbirdə Karyera mərkəzinin müdiri Xuraman Həmidova əvvəlcə mərkəzin fəaliyyəti haqqında danışıb, sonra isə tələbələrə gələcək təhsil və iş fəaliyyətində diqqət yetirilməli əsas məqamlar haqqında lazımi tövsiyələr verib və uğurlu karyera qurmaq üçün vacib olan məsələləri açıqlayıb. Məzun olduqdan sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinə müəllimliyə işə qəbul üzrə, eləcə də magistraturaya qəbul üçün keçirilən imtahanlarda filial məzunlarının göstərdikləri müsabiqə nəticələrinin öyrənilməsi, məzunlar haqqında yaradılmış elektron bazanın daim yeniləşməsi və təkmiləşdirilməsinin vacibliyini vurğulayaraq, iştirakçılardan gələcəkdə bu cür məlumatların vaxtında Karyera mərkəzinə çatdırılmasını xahiş edib. Tədbirdə tələbələri mövzu ilə bağlı maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, filialın 9 ixtisas üzrə 200-dən çox məzunu cari tədris ilində bakalavriat səviyyəsi üzrə təhsilini başa vuracaq.