İyulun 1-də Şəkidə “Həssas əhali qrupuna aid olan qadın və gənclərin sosial hüquqlarının müdafiəsi" adlı maarifləndirici tədbir keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Şəkidə yerləşən ali və orta ixtisas təhsili müəssisələrinin, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının müəllim və tələbələri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd iştirakçıları sosial təminat, əmək, istirahət, təhsil, sağlamlıq, mənzil hüququ haqqında, eləcə də həssas əhali qrupuna aid olan vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı məlumatlandırmaq olub.
Tədbirdə həmçinin həssas əhali qrupuna aid olan vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğul olan məhkəmə qurumu, bəzi sosial problemlərlə bağlı müraciətlərin ünvanlanması qaydaları və müraciətin əlçatanlığına dair tövsiyə xarakterli məlumat da verilib.
Sonda “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin rəhbəri Səadət Banənyarlı iştirakçıları maraqlandıran sualları cavablandırıb.