İyulun 2-də Şəki şəhərində "İctimai iştirakçılıq bacarıqlarının artırılması" mövzusunda təlim keçirilib. “Konstitusiya” Araşdırmalar Fondu, “Hüquq və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirən təlimdə Şəki Şəhər İcra hakimiyyətinin nümayəndəsi, İctimai Şuranın üzvləri, Şəkidə fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev açılış nitqi ilə çıxış edərək, qadınların ictimai iştirakçılıqda rolunun gücləndirilməsi barədə fikirlərini bildirib. Sonra “Hüquq və İnkişaf Mərkəzi” İB-nin sədri Hafiz Həsənov İctimai Şuraların hüquqları, vəzifələri, səlahiyyətləri, İctimai Şuraya seçkilərin qaydaları, Təşəbbüs qruplarının yaradılması, "Demokratiyanı Öyrənmə" İB-nin sədri Mirəli Hüseynov ictimai nəzarət və ictimai nəzarət üsulları haqqında ətraflı məlumat veriblər. Sonda iştirakçıları maraqlandiran suallar cavablandırılıb.