Min illər boyu əcdadlarımızın yurd yeri olmuş Qarabağın təbii coğrafi özəllikləri ilə xalqımızın ruhi aləmi arasında bir ahəngin, uzlaşmanın olduğuna dair qənaət dərk olunmuş gerçəklikdir. Qarabağda yaranan intibah tipli mədəniyyət bu diyarın təbii coğrafi xüsusiyyətlərinin qavrayışı ilə şərtlənmiş və xalqımız üçün özünün ifadə vasitəsinə çevrilmişdir.
Böyük şairimiz Bəxtiyar Vahabzadə demişkən, “Qarabağdakı muğam pıçıldayan bulaqlar, dərin dərələrin daşqın selləri, qəlbi dağlar, Sarı qayadakı bülbül nəvası, cıdır düzündən əsən ətirli meh, Daşaltı çayının daş dələn səsi, Qədirin “Sona bülbülləri”ndəki ilahi ahəng toplum halında bu diyarın təbii coğrafi və mənəvi panoramını təşkil edir. Xalqımız Qarabağ təbiətinə məxsus bu cəhətləri də vətənləşdirib. Ümumiyyətlə, təbiəti vətən kimi dəyərləndirmək türk etnosunun xarakterinə, mənəvi aləminə xas olan özəlliklərdən biridir.
Qarabağda intibah tipli mədəniyyətin formalaşmasında təbii coğrafi şəraitlə yanaşı, böyük bir tarixi dönəmin məhsulu kimi yaranan, təşəkkül tapan mədəni mühit də önəmli rol oynamışdır. Xalqımızın bəşər mədəniyyətinə bəxş etdiyi dahi bəstəkar Üzeyr Hacıbəyli özünün musiqi istedadının cilalanmasında Şuşadakı mədəni mühitin təsirindən bəhs edərək yazırdı: “İlk musiqi təhsilimi Şuşada mahir xanəndə və tarzənlərin arasında almışam. Mənim səsim onlara çox xoş gəlirdi. Onlar mənə muğam və təsnifləri ifa etmək sənəti öyrətmişlər”.
Tarixin daim fəaliyyətdə olan bir mizanı, yəni dəyər ölçüsü var: milli tərəqqinin təmin edilməsinə yönələn əməllərə imza atan şəxsiyyətlər xalqın yaddaşında yaşamaq hüququ əldə edirlər.
Məhz Qarabağa məxsus təbii coğrafi şəraitlə mədəni mühitin vəhdəti sayəsində burada yetərincə adını xalqımızın yaddaşına, tariximizin zehniyyətinə həkk etmiş şəxsiyyətlər yetişmişdir.
Qarabağın Azərbaycanın mədəniyyət tarixinə xeyli sayda intibah tipli yaradıcı şəxsiyyətlər bəxş etməsi təsdiq edir ki, bu qədim yurd yerinin təbii coğrafi xüsusiyyətləri ilə xalqımızın ruhi imkanları arasında ilahi bir ahəngdarlıq var.
Ermənilər barədə isə bunu söyləmək əsla mümkün deyil. Qarabağın təbii coğrafi özəllikləri onlarda ruhi assosiasiyalar doğurmur. Orada yaşayan ermənilərin əsl incəsənət meyarlarına cavab verən diqqətəlayiq sənət əsərləri ortaya çixara bilməmələri bunu bir daha sübut edir.
Ümumiyyətlə, müharibənin qəbilə, tayfa, xalq və millətlər arasında yaranan ziddiyyətlərin çözüm vasitəsi kimi məqbul hesab edildiyi andan etibarən, tarix ərzində hansı etnosa mənsub olmasından asılı olmayaraq bütün insanlar vətən torpaqlarının, doğma yurd yerlərinin yadellilərin tapdağı altına düşməsini ən qorxunc ictimai bəla, ən dəhşətli milli fəlakət kimi qəbul etmişlər.
Hələ 2500 il bundan öncə Əhəməni hökmdarlarından biri Bisituna “Ey ulu Hörmüz. Sən mənim ölkəmi işğaldan qoru!” sözləri ilə ifadə etdiyi diləyini həkk etdirmişdir.
Biz bir xalq olaraq 30 ilə yaxın müddət ərzində bu ictimai fəlakətin gətirdiyi bütün ağrı-acıları yaşamalı olduq. Öz doğma ölkəsində zorla qaçqına çevrilmiş yüz minlərlə soydaşımızın çəkdiyi iztirablar bir yana qalsın, vətən torpaqlarının on illərlə düşmən tapdağı altında qalmasından irəli gələn milli xəcalət duyğusu mənəviyyatımızı daim alt-üst etməkdə idi. Biz özümüz-özümüzü, şairin təbirincə desək, “Milli qeyrəti yük hesab etməkdə, cismi ruhdan üstün tutmaqda, mədədən yuxarı qalxa bilməməkdə, qəfəsdəki toxluğu azadlıqdan üstün tutmaqda, torpaq itirmək vərdişinə təslim olmaqda” ittiham etməkdə idik. Bu, milli natamamlıq, milli əskiklik kompleksinin simptomları idi.
Allaha şükürlər olsun ki, müzəffər ordumuzun möhtəşəm zəfəri sayəsində biz bir xalq olaraq bu əzici, sıxıcı ovqatdan xilas olduq.
Qəhrəman ordumuz İsgəndərin qılıncıtək öndə Ermənistanın əsas himayəçisi olmaqla beynəlxalq güc mərkəzlərinin Qarabağın timsalında yaratdıqları yeni Qordi düyününü bərpası mümkün olmayacaq dərəcədə zədələyib, hər an qırıla biləcək kövrək bir hala saldı.
İkinci Qarabağ savaşında Azərbaycanı qələbəyə aparan yol bir-birini tamamlayan müxtəlif amillərdən keçdi. Adətən, biz çətin, ağır vəziyyətlə üzləşdikdə belə, xalq kimi birləşib vahid qüvvə halında çıxış edə bilmirdik. Lakin vətən müharibəsinin baş verdiyi dönəmdə bu xoşagəlməz ənənəyə son qoyuldu. Xalqın bütün təbəqələri Vətən torpaqlarını erməni nasistlərinin əsarətindən qurtarmaq arzusuna qovuşmaq naminə birləşdi. Xalq, dövlət və ordu birliyi qələbənin rəhninə çevrildi.
Hələ müharibədən xeyli əvvəl Azərbaycan cəmiyyəti işğala məruz qalmış torpaqların danışıqlar yolu ilə azad olunacağı illüziyasının orbitindən çıxaraq mənəvi-psixoloji baxımdan savaş ovqatı ilə yüklənmişdi.
Xeyli müddət idi ki, Azərbaycan hakimiyyəti, dövlət strukturları siyasi, iqtisadi və hərbi sahələrdə fəaliyyətlərini müharibəyə hazırlıqla bağlı tələblərin ödənilməsinə yönəltmiş, ordu quruculuğunu, ordunu ən müasir silahlarla təchiz etməyi prioritet sahə kimi seçmişdilər.
Müharibədən xeyli öncə, xüsusən 2016-cı il aprel döyüşlərindən sonra Qarabağ probleminə münasibətdə Azərbaycan cəmiyyətində özünə inama əsaslanan mənəvi çevriliş baş vermişdi. Cəmiyyətimizə aydın olmuşdu ki, hazırda dünyada yaranmış vəziyyət kiçikliyindən, böyüklüyündən asılı olmayaraq bütün ölkələrə təsir edir. Son nəticədə yalnız özünə güvənən, özünə inamı olar xalqlar bu təsir önündə duruş gətirə biləcəkdir.
İctimai rəyin nəticə etibarı ilə gəldiyi ümumi qənaət bu idi ki, biz erməni təcavüzünün nəticələrini aradan qaldırmaq istəyimizə, arzumuza mənəvi, psixoloji, hərbi və iqtisadi sahələrdə potensialımızı intensiv surətdə artırmaq hesabına güc əldə etməklə və bu gücü vəhdət halında birləşdirməklə çata bilərik. Vətən müharibəsində əldə olunan qələbə çağdaş Azərbaycan tarixinin ən diqqətəlayiq hadisələrindəndir. Bu savaşda düşmən üzərində çaldığımız zəfərin ölkəmiz üçün tarixi əhəmiyyəti son dərəcə əhatəlidir.
Əvvəla, Azərbaycan ərazisinin erməni işğalına məruz qalmış xeyli hissəsi, dəqiq ifadə etsək, 10 min kvadrat kilometr ərazini əhatə edən vətən torpaqları azad olundu. Məhz bu münbit torpaqların və oradakı faydalı qazıntıların hesabına ölkəmizin iqtisadiyyatını inkişaf etdirmək və əhalinin həyat səviyyəsini daha da yüksəltmək mümkün olacaqdır.
İkincisi, Şuşaya məxsus təbii coğrafi şəraitə, tarixən formalaşan mədəni mühitə yenidən sahib çixmaqla tamamilə orijinal, dərindən dərin xəlqi səciyyə daşiyan mədəniyyəti yenidən dirçəltmək imkanı əldə olundu.
Üçüncüsü, Azərbaycan silahlı qüvvələrinin Ermənistan ordusuna vurduğu sarsıdıcı zərbə nəticəsində bu ordu darmadağın oldu. Təkcə hərbi texnika sarıdan itkinin pulla ifadə edilən dəyəri 3 milyard dollardan artıqdır.
Canlı qüvvə sarıdan isə düşmənin itkisi 7 min əhatəsində əsgər və zabitdən ibarətdir. Bu ordunu yenidən qurmaq üçün illər lazım gələcəkdir.
Dördüncüsü, bütün iqtisadi layihələrdən kənarda qalan Ermənistanın siyasi rəhbərliyi və “dənizdən dənizə uzanan Ermənistan” xülyasına qapılan xəstə cəmiyyəti anladı ki, ölkəni iqtisadi iflas həddinə gətirib çıxaran, əhalinin yoxsullaşmasına səbəb olan, dilənçi vəziyyətinə düşməsinə rəvac verən hərbi ekspansiya siyasəti bihüdə imiş.
Beşincisi, etnik mənşəyi məlum olmayan “qədim erməni hökmdarları” üzərində qurulan saxta tarixə, erməni xalqının müstəsnalığına, qonşu ölkələrə qarşı irəli sürülən ərazi iddialarına, qondarma erməni soyqırımına əsaslanan milli ideologiyanın puçluğu, mənasızlığı, başqaları bir yana qalsın, elə ermənilərin özlərinə də tam surətdə aydın oldu.
Bütün bunlar Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi qələbənin ilkin nəticələri kimi tarixin yaddaşına həkk oldu.

Həbibullah Manaflı
ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi





001002003
fondeduadpubir

VKkj