- Details
- Dərc edilib: 04 İyun 2025
- Oxunma sayı: 491
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı ağır itki ilə üzləşdi - yüksək nüfuzu və mənəvi dəyərləri ilə seçilən görkəmli bir ziyalısını itirdi. Filialımızın dəyərli əməkdaşı, yüksək intellekti, peşəkarlığı və nümunəvi insani keyfiyyətləri ilə seçilən, səmərəli fəaliyyəti ilə pedaqoji kollektivin dərin rəğbətini qazanmış, hörmətli pedaqoq, İnformasiya-Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri Gülnara Abdurahmanova vəfat etdi. Gülnara Abdurahmanova 1961-ci ilin 11 iyun tarixində anadan olmuş, həyatının böyük bir hissəsini təhsilə, elmə və gələcək nəslin formalaşmasına həsr etmişdir. O, 30 ildən artıq müddətdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında çalışaraq, bu ali təhsil ocağının inkişafında və texnoloji imkanlarının genişləndirilməsində əvəzsiz rol oynamışdır. Onun rəhbərliyi ilə filialda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində mühüm yeniliklər həyata keçirilmiş, tədris və idarəetmə proseslərində müasir yanaşmalar formalaşmışdır.
Təhsil sahəsindəki səmərəli fəaliyyətinə və ictimai nüfuzuna görə Gülnara Abdurahmanova “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş, eyni zamanda universitetin rəhbərliyi tərəfindən dəfələrlə Fəxri Fərmanlarla təqdir edilmişdir. Bu təltiflər onun əməyinə verilən qiymətin parlaq təzahürü olmuşdur.
Gülnara Abdurahmanova həm də yüksək mədəniyyəti, prinsipiallığı, zəhmətsevərliyi və insani keyfiyyətləri ilə seçilirdi. Həmkarlarının dərin hörmətini, tələbələrin isə sonsuz sevgisini qazanmışdı. O, sadəcə bir mütəxəssis deyil, eyni zamanda ali təhsilin inkişafına töhfə verən, şəxsiyyəti ilə ətrafına örnək olan əsl ziyalı idi.
Onun itkisi təkcə bir kollektivin deyil, bütün pedaqoji ictimaiyyətin, onu tanıyan və sevən hər kəsin ürəyində dərin kədər doğurur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının kollektivi adından mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onun parlaq xatirəsi yaddaşlarda daim yaşayacaq, gərəkli və şərəfli ömür yolu gələcək nəsillərə örnək olacaqdır.
Ruhu şad, məkanı cənnət olsun.