- Details
- Dərc edilib: 08 Aprel 2024
- Oxunma sayı: 2758
2024-cü il aprel ayının 8-də ADPU-nun Şəki filialı (Humanitar fənlər kafedrası) və Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin birgə təşkil etdiyi elmi seminar keçirilib.
Filialın tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən tar.ü.f.d. Vüsal Baxışov elmi seminarı giriş sözü ilə açıb.
Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışına davam edən Vüsal Baxışov xalqımızın dövlət müstəqilliyinin bərpası uğrunda ötən əsrin 80-cı illərinin sonlarından başladığı milli mücadiləsinin sonda dövlət müstəqilliyinin bərpası ilə nəticələndiyini xüsusi vurğulayaraq, bunu xalqımızın əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biri olduğunu qeyd edib. Daha sonra Vüsal Baxışov 2016-cı ilin aprel döyüşləri və onun tarixi əhəmiyyəti barədə fikirlərini seminar iştirakçıları ilə bölüşərək qeyd edib ki, məhz bu 4 günlük müharibə Vətən torpaqlarının azad olunması uğrunda mübarizəmizin başlanğıcı hesab oluna bilər. Məhz bu zəmin üzərində Müzəffər Ali Baş Komandanla həmrəy olan xalqımız 2020-ci ildə tarixi Zəfər qazanmış və bu gün ölkəmizin suveren hüquqları bütün Azərbaycan Respublikası ərazisində bərqərar olmuşdur.
Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Minarə Məmmədhüseynova “Aprel döyüşləri – Böyük zəfərin başlanğıcıdır” mövzusunda məruzə edib. O, məruzəsində aprel döyüşlərindəki qələbənin Azərbaycanın beynəlxalq nüfuzuna təsirindən danışıb, fikirlərini konkret faktlarla əsaslandırıb.
Növbəti məruzəçi, ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmov olub. O, çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti barədə geniş məlumat verib. Ümummilli Lider Heydər Əliyev və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi ölçüyəgəlməz islahatlar barədə söhbət açaraq, bu tarixi fəaliyyətin əməli nəticəsinin aprel döyüşləri və bu döyüşlərdəki qələbədə təzahür etdiyini qeyd edib. Məruzəçi aprel döyüşlərinin Vətən torpaqlarının işğaldan azad olunması uğrunda mübarizənin əsas tarixi dönüş anlarından biri olduğunu vurğulayıb.
Sonda seminar qarşılıqlı mükalimə şəraitində davam edib.