- Details
- Dərc edilib: 19 Sentyabr 2025
- Oxunma sayı: 96
Sentyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 2025-2026-cı tədris ilinin başlanması ilə əlaqədar ilk Elmi Şura iclası keçirilib.
İclası filialın direktoru, Elmi Şuranın sədri dos.Vurğun Məmmədov açaraq, iştirakçıları salamlayıb, onlara yeni tədris ilində uğurlar arzulayıb və Şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. Gündəlikdəki məsələlər səsə qoyulub və qəbul edilib. Birinci məsələ - “Filialın, Elmi Şuranın və struktur bölmələrin 2025-2026-cı tədris ili üçün iş planları və iclasların gündəliklərinin müzakirəsi” haqqında filialın elmi işlər üzrə direktor müavini dos.Nuralı Çələbiyev məlumat verib. O qeyd edib ki, “Strateji inkişaf planı”na uyğun olaraq, yeni tədris ili ilə əlaqədar filialın və onun struktur bölmələrinin iş planları hazırlanıb, müvafiq iclaslarda müzakirə və təsdiq edilib. Dos.Nuralı Çələbiyev iş planları ilə əlaqədar geniş məlumat verib. İş planları müzakirədən sonra açıq səsvermə yolu ilə təsdiq olunub.
Gündəlikdəki ikinci məsələ - “2025-2026-cı tədris ili üçün filiala tələbə qəbulunun yekunları” haqqında çıxış edən filialın direktoru dos.Vurğun Məmmədov qeyd edib ki, 2025-2026-cı tədris ili üçün filialın 10 ixtisası üzrə 235 nəfər tələbə qəbulu planlaşdırılıb, 203 nəfər tələbə qəbul olunub. İki ixtisas üzrə tələbə qəbulu planı tamamlanmayıb. Natiq filiala növbəti tədris illərində mərhələli şəkildə 4 yeni qeyri-pedaqoji ixtisas üzrə qəbulun həyata keçirilməsi istiqamətində lazımi işlərin aparıldığını vurğulayıb, bu məqsədlə yaradılan İşçi qrupunun tərkibinin ADPU-nun Elmi Şurasının 12 sentyabr tarixli iclasında təsdiqləndiyini diqqətə çatdırıb.
Tədris işləri üzrə direktor müavini dos.Gülarə Abdullayeva “2025-2026-cı tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” haqqında geniş arayışla çıxış edərək qeyd edib ki, 2024-2025-ci tədris ilində 235 nəfər tələbə filialda bakalavr səviyyəsi üzrə təhsilini başa vuraraq məzun olub. 2024-2025-ci tədris ilində filialın “Məktəbəqədər təhsil” ixtisası Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyətinin Təminatı Agentliyinin Akkreditasiya Komissiyası tərəfindən proqram akkreditasiyasından keçib. Akkreditasiyanın nəticələri “qənaətbəxş” qiymətləndirilib və növbəti 5 il ərzində həmin ixtisas üzrə kadr hazırlığına lisenziya verilməsi qərara alınıb.
Elmi Şura iclasındakı müzakirələrdə filial direktorunun müşaviri, riyaziyyat üzrə elmlər doktoru, dos.Rafiq Rasulov, Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Xalidə Abdullayeva, Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Vüsal Baxışov, Dillər və onların tədrisi texnologiyası kafedrasının müdiri, baş müəllim Sevinc Əliyeva və başqaları çıxış edib, öz rəy və təkliflərini bildiriblər.
Elmi Şurada bir sıra cari məsələlər də müzakirə olunub. Müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.