- Details
- Dərc edilib: 17 Sentyabr 2025
- Oxunma sayı: 46
Sentyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) Şəki filialında yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti, filiala yeni qəbul olunmuş tələbələr və onların valideynləri iştirak ediblər. Filialın direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Vurğun Məmmədov tədbiri açaraq giriş nitqi ilə çıxış edib və kollektivi, yeni qəbul olunmuş tələbələri, onların valideynlərini təbrik edib. Natiq ölkəmizdə təhsil sahəsində həyata keçirilən yeniliklərdən, filialın bu yeniliklərə cavab verə biləcək kadr potensialından, məzunların uğurlarından bəhs edib, qarşıda duran vəzifələrdən danışıb, birinci tədris ili tələbələrinə təhsildə uğurlar arzulayıb və Azərbaycanın gələcək inkişafinda onların üzərinə düsən vəzifələrin öhdəsindən məsuliyyətlə gələcəklərinə ümid olduğunu vurğulayıb.
Sonra direktor müşaviri, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov, elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyev, Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ulduz Mürşüdova, Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru baş müəllim Xalidə Abdullayeva, Karyera mərkəzinin müdiri Xuraman Həmidova çıxış edərək, gəncləri və onların valideynlərini təbrik edib, təhsil illərində onlara uğurlar arzulayıblar. Çıxışlarda inkişaf edən dünyanın müasir tələblərinə cavab vermək üçün hər kəsin öz peşəsinə mükəmməl yiyələnməli, yeniliklərə açıq olmalı və zamanla ayaqlaşmalı olduğu vurğulanıb.
Tədbirin sonunda tədris işləri üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Abdullayeva çıxış edərək, cari ildə tələbə qəbulunun nəticələri və keçid balları barədə məlumat verib, filialın mövcud ixtisaslarına qəbul üçün keçid ballarında artım olduğunu və qəbul olunmuş tələbələrin böyük əksəriyyətinin 400-dən çox bal topladığını, qəbul olunanlar arasında 500-dən çox bal toplayanların olduğunu, bir nəfərin 623,4 balla filialımızı seçdiyini diqqətə çatdırıb. Sonda tələbələr arasında müxtəlif ixtisaslar uzrə ən yüksək bal toplayan, eləcə də filiala 500-dən çox bal toplayaraq qəbul olan tələbələrə Fəxri Fərmanlar təqdim olunub.
Qeyd edək ki, cari ildə filiala 10 ixtisas üzrə 210 nəfər tələbə qəbul olunub. Həftə ərzində fakültə dekanlıqları tərəfindən yeni qəbul olan tələbələrlə tanışlıq görüşlərinin keçirilməsi nəzərdə tutulub.