Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Gənclər Təşkilatının (TGT) hesabat seçki yığıncağı keçirilib. Yığıncaqda Şəki şəhər Gənclər və İdman İdarəsinin baş mütəxəssisi Səbahət Bağırova, filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva, Karyera mərkəzinin müdiri Xuraman Həmidova, müəllim və tələbələr iştirak ediblər. Filialın TGT-sinin ötən tədris ili ərzində fəaliyyəti haqqında təşkilatın sədr müavini, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının ll tədris ili tələbəsi Elvin Xəlilov çıxış edib. Hesabatda ölkəmizdə gənclərin uğurlu inkişafı, onlara göstərilən dövlət qayğısından bəhs edən E.Xəlilov ötən müddət ərzində filialda təhsil alan gənclərin intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, dünyagörüşünün genişləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, onların cəmiyyətə faydalı, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmaları istiqamətində təşkilat tərəfindən görülən işlər, həyata kecirilən tədbirlər haqqında məlumatı diqqətə çatdırıb və bildirib ki, ölkə başçısının gənclərə olan inam və etimadını doğrultmaq üçün bundan sonra da var qüvvələri ilə çalışacaqlar. Sonra hesabat ətrafında müzakirə aparılıb, çıxışlar dinlənilib. Çıxış edənlər – dos. Gülarə Abdullayeva, Karyera mərkəzinin müdiri Xuraman Həmidova, Tələbə Həmkarlar Təşkilatının sədri baş müəllim Günel Əliyeva çıxış edərək, ötən tədris ili ərzində TGT-nin fəaliyyətini məqbul qiymətləndiriblər. “Tarix və coğrafiya müəllimliyi” ixtisasının V tədris ili tələbəsi Nigar Məmmədli, “Məktəbəqədər təhsil” ixtisasının ll tədris ili tələbəsi Nuranə Əlizadə, “İbtidai sinif müəllimliyi” ixtisasının lV tədris ili tələbəsi Xoşqədəm və başqaları təhsil aldıqları illər ərzində TGT-nin onların həyatında oynadığı mühüm roldan söhbət açaraq, təşkilatın ötən bir il ərzində səmərəli fəaliyyət göstərməsindən, maraqlı və yaddaqalan tədbirlərin, yarışların, gəzintilərin təşkilində rolundan söhbət açıblar. Yığıncaqda TGT-nin illik fəaliyyəti məqbul qiymətləndirilib.

Sonra açıq səsvermə yolu ilə TGT-nin idarə heyətinin yeni tərkibi seçilib. Səki şəhər Gənclər və İdman İdarəsinin baş mütəxəssisi Səbahət Bağırova çıxış edərək, filialın bütün ixtisaslarının tələbələrinin təmsil olunduğu 25 nəfərdən ibarət yeni tərkibi təbrik edib və onlara işlərində uğurlar arzulayıb. Cəmiyyətin və dövlətimizin gələcək inkişafında gənclərin üzərinə böyuk məsuliyyət düşdüyünü vurğulayan S.Bağırova yeni tərkibin də səmərəli fəaliyyət göstərəcəyinə böyük ümid bəslədiyini bildirib.
Yığıncaq başa çatdıqdan sonra yeni seçilmiş idarə heyətinin iclası keçirilib. İclasda TGT-nin sədrinin seçilməsi məsələsinə baxılıb. Sədrliyə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının lV tədris ilinin tələbəsi Xədicə Abdurahmanlının namizədliyi irəli sürülüb və açıq səsvermədə böyük səs çoxluğu ilə qəbul olunub.