Oktyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı və Şəki Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Gəncliyin inkişafı dövrü – Suverenlik” mövzusunda seminar keçirilib. Şəki Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan tədbiri giriş sözü ilə mərkəzin direktoru Şahin Şirinzadə açaraq seminar iştirakçılarını salamlayıb, gənclərdə vətənpərvərlik ruhunun, milli dəyərlərə hörmət hissinin aşılanmasının əhəmiyyətindən bəhs edib. Sonra ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi g.-m.ü.f.d. Hüseyn Mustafabəyli çıxış edərək, seminarın məqsəd və əhəmiyyətini vurğulayıb, mərkəzin tarix müəllimi Nəzrin Yusifli gənclərdə milli kimlik və vətənpərvərlik dəyərlərinin formalaşmasında tarixi biliklərin rolundan bəhs edib. Seminarda ADPU-nun Şəki filialının və Şəki Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri müxtəlif mövzularda çıxışlar edib, suverenlik, müstəqillik, gəncliyin inkişafı və milli ruhun formalaşması kimi məsələlər ətrafında maraqlı fikirlər səsləndiriblər. Tədbir çərçivəsində hər iki təhsil müəssisəsinin nümayəndələri tərəfindən xatirə hədiyyələri və təşəkkürnamələr təqdim olunub. Seminarın yekununda ADPU-nun Şəki filialının baş müəllimi c.ü.f.d.Qafqaz Ağabalayev çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə mərkəzin rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.
