2024-cü il aprel ayının 16-da ADPU-nun Şəki filialının Tələbə Elmi Cəmiyyətinin və Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunmuş “Ekodost” təlimi təşkil edilib. Təlim filialın Tələbə Elmi Cəmiyyəti Tərəfindən cari ilin aprel ayının 16-18-i tarixlərində təşkil ediləcək tədbirlər silsiləsindən birincisidir.
Tədbirdə “Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili tələbələri İnnovativ metodlardan geniş şəkildə istifadə edərək, maraqlı təqdimatlarla çıxış edib. Təqdimatlarda müasir dövrün ekoloji problemləri, onların yaranma səbəbləri çağdaş dünyada ekoloji problemlərə yanaşmada yeni çağırışlar barədə şagirdlərə ətraflı məlumat verilib. Meşələrin faydası, iqlim dəyişmələri, səhralaşma və s. kimi problemlər haqqında maarifləndirici söhbətlər və fəal fikir mübadiləsi aparılıb.
Təlimdə ekoloji tarazlığın qorunmasında və ətraf mühitin mühafizəsində, eyni zamanda iqtisadi səmərəliliyin artırılmasında tullantıların idarə olunması və yenidən hazırlanmasının mühüm əhəmiyyəti vurğulanaraq, ölkəmizdə bu istiqamətdə görülmüş işlər, həyata keçirilmiş layihələr barədə geniş məlumat verilib.
Daha sonra “Dünya evimizdir” adlı sənədli filmi nümayiş etdirilib.
Sonda təlim iştirakçıları arasında “Bizim arzularımız” adlı intellektual yarış təşkil olunub.
Təlimin yekununda filialın Tələbə Elmi Cəmiyyətinin sədri baş müəllim Səadət Feyzullayeva əməkdaşlığa görə Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 saylı tam orta məktəbin direktoru Billur Abdulsəlimliyə öz minnətdarlığını bildirib, təlim iştirakçıları təşəkkürnamələrlə təltif olunub.