- Details
- Dərc edilib: 24 Fevral 2026
- Oxunma sayı: 63
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş növbəti tədbir fevralın 23-də təşkil olunub.
Filialın Humanitar fənlər kafedrasının baş müəllimi, “Kağız ruhlar” Kitab Klubunun rəhbəri Rasimə Bəkirova və müəllim Səlamət Ədilovanın təşkilatçılığı ilə keçirilən “Ana dilim – varlığımın möhürü” adlı tədbirdə filial rəhbərliyi, professor-müəllim heyətinin nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən baş müəllim Rasimə Bəkirova və müəllim Səlamət Ədilova Azərbaycan dilinin keçdiyi şanlı inkişaf yoluna nəzər salıb, dilimizin formalaşması və zənginləşməsində tarixi şəxsiyyətlərin rolundan bəhs ediblər. Natiqlər ana dilinin milli kimliyin əsas göstəricilərindən biri olduğunu vurğulayıb, müasir qloballaşma şəraitində Azərbaycan dilinin saflığının qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Daha sonra tədbir bədii proqramla davam edib. Tələbələrin təqdimatında ana dilinə həsr olunmuş şeirlər səsləndirilib, səhnəciklər nümayiş etdirilib, milli rəqslər ifa olunub və maraqlı viktorinalar keçirilib.
Tədbirin sonunda filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib, bu cür tədbirlərin tələbələrdə ana dilinə sevgi və bağlılığın möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.
