- Details
- Dərc edilib: 03 Dekabr 2025
- Oxunma sayı: 15
02 dekabr 2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan filialın direktoru, Elmi Şuranın sədri, dosent Vurğun Məmmədov Şura üzvlərini iclasın gündəli ilə tanış edib. Gündəlik səsə qoyulub və təsdiq edilib.
Gündəlikdəki “2025-ci təqvim ili üçün filialın kafedraları üzrə elmi-tədqiqat işlərinin yerinə yertirilməsi vəziyyəti haqqında” adlı məsələ ilə əlaqədar elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev hesabat verib. O, qeyd edib ki, Azərbaycan Respublikasında elmin inkişafı dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Məhz buna görə də, elmtutumlu infrastrukturun təkmilləşdirilməsi, mütərəqqi dünya elminə inteqrasiyanın sürətləndirilməsi, ali təhsil müəssisələrində tədris prosesi ilə elmi fəaliyyətin vəhdətinin təmin edilməsi, elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodik və tətbiqi tədqiqatların səmərəliliyinin artırılması, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, ali məktəblərin “Təhsil-Tədqiqat-İnnovasiya” mərkəzlərinə çevrilməsi əsas hədəflər kimi müəyyənləşdirilmişdir.
Filialda yüksək ixtisaslı elmi və elmi -pedaqoji kadrların hazırlanması, əldə edilmiş elmi nəticələrin tədris prosesinə tətbiq edilməsi, bakalavriat pilləsində təhsil alan tələbələrin elmi-nəzəri və praktik hazırlığının yüksəldilməsi, onların elmi-tədqiqat fəaliyətinə cəlb edilməsi, təhsil müəssisəsinin digər ali məktəb və elmi müəssisələrlə əməkdaşlığının artırılması və s.kimi məqsəd və vəzifələr daim diqqət mərkəzində saxlanılır. Müəyyənləşdirilmiş elmi istiqamətlər və problem mövzular filialın profilinə uyğunlaşdırılmış, elmi - pedaqoji kadrların və gənc mütəxəsislərin yüksək səviyyədə hazırlanması, elmi və elmi –metodiki naliyyətlərin ümumiləşdirilməsi və yayılması, onların nəticələrinin çap etdirilməsi və tədris prosesinə tətbiq edilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.
2025-ci hesabat ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında elmi-tədqiqat işləri filialın 2022-2026-cı illəri əhatə edən elmi-tədqiqat işlərinin 5 illik perspektiv planı əsasında həyata keçirilmişdir. 2021-ci ildə hazırlanmış 4 elmi istiqaməti və 6 problemi əhatə edən perspektiv iş planında fililda növbəti 5 il ərzində aparılacaq 65 mövzu üzrə elmi-tədqiqat işləri öz əksini tapmışdır. 2025-ci ildə elmi-tədqiqata cəlb olunanların sayı 61 nəfərə çatdırılmışdır. Filial əməkdaşlarının 71,7% elmi tədqiqata cəlb edilmişdir. Hesabat ilində elmi tədqiqat işlərinin 2025-ci ilə aid IV mərhələsi üzrə 56 iş (85,5%) yerinə yetirilmiş və kafedralarda müzakirə olunmuşdur. Hal-hazırda ADPU-nun Şəki filialında professor-müəllim heyətinin tərkibində 89 nəfər çalışır. Onlardan 4 nəfəri elmlər doktoru (o cümlədən 1 nəfər professor, 2 nəfər dosent, 1 nəfər baş müəllim), 17 nəfər fəlsəfə doktoru (o cümlədən 6 nəfəri dosent), 38 nəfər baş müəllim,26 nəfər müəllimdir.
2025-ci ildə filialda 9 elmi konfrans, o cümlədən 2 tələbə elmi konfransı, 26 mədəni-kütləvi tədbir keçirilib.
Elmi Şura iclasında gündəlikdəki II məsələ - “Humanitar fənlər kafedrasında tədris prosesinə və elmi-tədqiqat işlərinə rəhbərliyin təşkili vəziyyəti haqqında” kafedra müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, baş müəllim İbrahim Abdusəlimli hesabatla çıxış edib. O, qeyd edib ki, 2025-2026-cı tədris ilində kafedrada planlaşdırma işləri vaxtında başa çatdırılıb, kafedra iclaslarının, açıq dərslərin və elmi seminarların keçirilməsi, tədris prosesinə rəhbərlik və nəzarət diqqət mərkəzində saxlanılıb, tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi sahəsində isə işlər davam etdirilir.
Gündəlikdəki III məsələ- “Filialın tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsinin fəaliyyəti haqqında” şöbə müdiri Səmra Süleymanova-Rəsulova hesabat təqdim edib, şöbənin fəaliyyəti, mövcud problemlər haqqında məlumat verib.
Məruzə olunan məsələlərlə bağlı direktorun müşaviri, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov, Keyfiyyətin təminatı şöbəsinin müdiri, baş müəllim Nərminə Nəsrullayeva, Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Xalidə Abdullayeva çıxış edərək öz mülahizə və təkliflərini bildiriblər.
Elmi Şura iclasında cari məsələ kimi ADPU-nun 21 noyabr 2025-ci il tarixli Elmi Şura iclasında müzakirə olunmuş “Tələbə məmnunluğu sorğularının nəticələri barədə” Keyfiyyətin təminatı şöbəsinin müdiri, baş müəllim Nərminə Nəsrullayeva təqdimatla çıxış edib.
Elmi Şura iclası müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edib.
